Gənclər üçün mənzil kooperativlərinin yaradılması təklifi böyük maraq doğurub

İQTİSADİYYAT
19:00 06.09.2013
2865
Azərbaycanda gənclər üçün mənzil kooperativlərinin yaradılması layihəsi hazırlanır. Bu barədə Gənclər və İdman Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, gənclər üçün mənzillərin tikilməsi layihəsi Türkiyənin təcrübəsindən istifadə olunaraq hazırlanır. Layihəyə əsasən, çoxmənzilli binalar dövlət hesabına tikilərək gənclərə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan, bir növ kirayə verilir. Lakin müəyyən müddət keçdikdən sonra həmin mənzillər şəxsin mülkiyyətinə keçir. Layihənin məqsədi aşağı və orta gəlirli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir.Məlumatda qeyd edilir ki, Türkiyədə Baş nazirin dəstəyi ilə dövlətə məxsus Toplu Evlər İdarəsi (TOKİ) tərəfindən gənc ailələrə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan 25 illik mənzillər təqdim olunur. Artıq Türkiyədə gənc ailələrə 520 mindən çox mənzil təqdim olunub. Türkiyə təcrübəsində orta aylıq ödəniş təxminən 70-100 dollar təşkil edir.Güzəştli şərtlər kimlərə şamil olunur?Hazırda Azərbaycanda verilən ipoteka kreditlərinin şərtlərinə görə, adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcəsi ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.Kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir. İpotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.Güzəştli şərtlər şəhid, milli qəhrəman və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir. Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.“İpoteka kreditinin şərtləri yüngülləşdirilməlidir”
İqtisadçı ekspert Samir Əliyev bildirir ki, sözügedən nazirliyin bu təklifi maraqlıdır: “Hazırda gənclərin ən böyük problemlərindən biri işsizlik sayılırsa, ikinci sırada mənzil problemi gəlir. Dövlət tərəfindən bununla bağlı müəyyən addımlar atılır. Amma mənzilsiz gənclərin sayı kifayət qədərdir, onların bir hissəsi ümidlərini ipoteka kreditlərinə bağlayıblar. Azərbaycanda ipoteka kreditlərini götürmək üçün şərtlər cəlbedici deyil. Çox güman ki, bu səbəbdən hökumət ictimaiyyətdən gələn təklifləri nəzərə alıb gənc ailələrə mənzil kooperativlərinin yaradılmasını gündəmə gətirib.Bu gün kimi o zaman da ölkədə ipoteka krediti məsələsi ortaya çıxanda ümidlər vardı ki, gənclərin problemi həll olunacaq. Gənclərin mənzil-məişət probleminin həll olunması üçün güzəştli ipoteka kreditinin şərtləri yüngülləşdirilməlidir. Yüngülləşdirilmir ona görə ki, pul yoxdur. Bu məsələ həll olunsa, mənzil kooperativlərinin yaradılmasına ehtiyyac olmaz”.“Faiz aşağı və ilkin ödəniş olmamalıdır”İqtisadçı bildirir ki, gənclərə ipoteka kreditlərinin veriliş qaydalarının sadələşdirilməsi əsas müzakirə mövzusu olmalıdır: “Gənclərin mənzil şəraitini yaxşılaşdırmaq üçün sosial ipoteka kreditlərin faizi aşağı salınmasını irəli sürmək gərəkdir. İlkin ödəniş olmamalıdır. Aşağı faizlə ipoteka kreditlərinin verilməsi sosial baxımdan müsbət addımdır. Bununla bərabər şərtlərin təkmilləşdirilməsini də təklif edirəm”.İqtisadçının sözlərinə görə, ipoteka kreditlərinin verilməsi prosesi elektronlaşdırılmalıdır: “Əks halda bir sıra banklarda süründürməçilik, qeyri-rəsmi ödənişlərin tələb edilməsi halları artacaq. İpoteka kreditlərinin indiki verilmə şərtləri ilə korrupsiyanın qarşısını almaq mümkün deyil. Qiymətləndirmələrimiz göstərir ki, hazırkı mexanizm dəyişdirilmədən, elektron ipoteka tətbiq edilmədən faizsiz kreditlərin verilməsinə başlanılarsa, bu, ipoteka proqramında korrupsiyanın həcmini artıracaq”.
“Ölkədə xeyli sayda gənc var ki...”1988-ci il təvəllüdlü fotoreportyor Cavid Qurbanov bildirir ki, mənzil kooperativlərinin yaradılması ilə bağlı nazirliyin etdiyi təklif arzuolunanadır. O, dövlətin gənclərə olan sosial qayğısını müsbət dəyərləndirərək ümid edir ki, bu təklif gənclərin sosial problemlərinin həllinə dəstək olacaq.C.Qurbanov bu problemin tez bir zamanda həlli üçün ipoteka kreditinin şərtlərinin yumşaldılmasını da istisna etmir: “Belə olarsa, gənclərin mənzil-məişət porbleminin həlli tezləşər. Hər hansı rəsmi statistika olmadan da sadə müşahidə əsasında müəyyənləşdirmək mümkündür ki, ölkədə xeyli sayda gənclər, gənc ailələr var və onlar mənzilsizdir. Eyni zamanda xeyli sayda gənc də müxtəlif sosial problemlər üzündən, ən başlıcası, mənzillə təmin olunmaq problemi səbəbindən ailə həyatı qura bilmir”.“Çoxları mənzil problemi üzündən ailə qurmaq istəmir”Həmsöhbətimiz görüləcək işlərlə yanaşı görülən işlərin də olduğunu bildirir: “Bəli, etiraf etmək lazımdır ki, son illər Azərbaycanda iqtisadiyyatın inkişafı yönündə mühüm addımlar atılıb və ölkənin Avropaya inteqrasiyası üçün lazımi işlər görülüb. Ölkədə ən böyük problemlərdən birinə çevrilən işsizliyin aradan qaldırılması üçün də müxtəlif dövlət proqramları hazırlanıb. Bunun nəticəsində regionlarda yüzlərlə iş yeri açılıb və vətəndaşların işsizlik problemi qismən də olsa aradan qaldırılıb. Amma görülən bu işlərə baxmayaraq, hələ də gənclərin əksəriyyəti öz seçimi çərçivəsində bir iş tapa bilmir. Elə buna görədir ki, bu gün gənclərin yarıdan çoxu iş və mənzil problemi üzündən ailə qurmaq istəmir. Nə qədər acınacaqlı olsa da, hazırkı şəraitdə gənclərə ailə həyatı qurmaqda əngəl törədən iki amil - işsizlik və mənzil problemi ön plana çəkilir”.C.Qurbanov gənclərin problemi ilə bağlı, gənclər arasında sorğu keçirib: “Keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, bu gün ailə qurmaq istəyən gənclərin önündə sədd kimi mənzil və daha çox işsizlik problemi dayanır. Sorğumuzda işturak edənlər bildirdilər ki, gənclərin əlverişli şərtlərlə mənzil əldə etməsi üçün şərait yaradılmalıdır və sabit iş yerləri açılmalıdır. Onlar hesab edirlər ki, tikinti şirkətləri şəhərə uzaq olmayan yerlərdə hündürmərtəbəli binalar tikərək bunu ən ucuz qiymətə gənclərin ixtiyarına verməlidirlər. Gənclər düşünürlər ki, belə olan halda həm mənzillər satılar, həm də gənclərin ən böyük problemi həll olunmuş olar. İşsizlik probleminin aradan qaldırılması üçün də təkliflər səsləndirilir. Gənclər bu qənaətdədirlər ki, hər bir kəsi öz ixtisası və müvafiq maaş üzrə işə götürsələr, mövcud problem qısa zaman kəsiyində həll olunar.Qeyd edim ki, mövcud ipoteka şərtləri ilə bütün gənclərin evlə təmin olunması mümkün deyil. İpoteka krediti hesabına ev almaq üçün təklif olunan şərtlər məqsədə uyğun olmalıdır. Birincisi, ipotekanın şərtləri elədir ki, mində bir adam yararlana bilir. İkincisi, ipotekanı 80 faiz bankda işləyən insanlar götürür. Sadə vətəndaşlara deyirlər ki, get ev tap, gəl biz pulu ödəyəcəyik. Minlərlə adam ev axtarır tapır, amma nəticədə bir neçə adam ipoteka ala bilir. Yüzlərlə adam banklara arxayın olub, tapdığı evə beh qoyur, amma ipoteka götürə bilmədiyi üçün behi batır. İpotekanın ağır şərtləri gənc ailə quranların imkanları xaricindəir”.Gənc fotoreportyorun sözlərinə görə, kredit şərtlərinin yüngülləşdirilməsi ilə də problem bitmir: “Hərəmiz bir mənzil götürürük. Gəlin görək o binalar standartlara cavab verirmi? Əvvəllər çox maraqlanırdım. Amma indi havayı da versələr götürmərəm. Çünki həmin binaların möhkəmliyinə inanmıram. Hesab edirəm ki, mənim kimi düşünənlərin sayı yetərincədir”.Cavid Qurbanov gənclərlə bağlı olan dövlət proqramını xatırlayaraq bunun həmyaşıdlarının probleminin həllinə kömək olacağına ümidvardır: “Gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin edilməsi, gənclərin məşğulluq problemlərinin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1621 nömrəli 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Sözügedən dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlərin davam etdirilməsi arzuolunandır”
“Gənclərin fəaliyyətində keyfiyyət dəyişikliyi özünü göstərəcək”“İslahatçı Gənclər" İctimai Birliyinin baş katibi Hacıbəy Heydərli hesab edir ki, Azərbaycanda gənclər üçün mənzil kooperativlərinin yaradılması layihəsinin hazırlanması gənclərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə atılan çox vacib addımlardan biridir: “Bu Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin məntiqi davamıdır. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin sosialyönümlü siyasəti çərçivəsində verilən bu qərar gənclərimizin əsas problemlərindən sayılan mənzil probleminin aradan qaldırılmasına mühüm töhfələr verəcək. Bu da dolayısıyla bundan sonra daha çox yeni və möhkəm təməlli ailələrin formalaşmasına öz təsirini göstərəcək. Mənzil problemi kimi böyük çətinliyi aradan qalxan gənclərin fəaliyyətində heç şübhəsiz ki, məhsuldarlıq və keyfiyyət dəyişikliyi özünü göstərəcək. Mən Gənclər və İdman Nazirliyinin bu qərarını alqışlayıram”.
Bizim Yol qəzeti

OXŞAR XƏBƏRLƏR