Azərbaycanın ən böyük və ən sevilən gənclər festivalı "Yay Fest” bu il də Şamaxıda öz qapılarını gənclərə açıb. 2025-ci il "Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Təbiətin qoynunda və çadır formatında təşkil edilən festivalın əsas məqsədi dövlət gənclər siyasətinin təşviqi, gənclərin şəxsi və peşəkar inkişafına, şəbəkələşməsinə dəstək, asudə vaxtın səmərəli və əyləncəli təşkili, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, yaradıcı və təşəbbüskar gəncliyin formalaşdırılmasıdır. Bu il "Konstitusiya və Suverenlik İli”nə həsr edilən festival çərçivəsində Konstitusiya prinsiplərinin təbliği, Qarabağ zəfərinin 5 illiyinin qeyd edilməsi, gənclərin milli ruhunun artırılması, dövlətçilik dəyərlərinə sadiqliyin möhkəmləndirilməsi, milli ideoloji hazırlığının gücləndirilməsi və dövlətin hüquqi, suveren biliklərinin artırılması istiqamətində müxtəlif təlimlər və sessiyalar təşkil ediləcəkdir.
7 iyul-29 avqust tarixlərini əhatə edəcək festival müddətində "Milli-mənəvi dəyərlər”, "Həmrəylik”, "Humanizm”, "Ədalət və qanun”, "İnkişaf”, "Vətənpərvərlik”, "Müstəqillik tarixi” və "Qalib diplomatiya” adlı 8 ardıcıl düşərgə həyata keçiriləcək. 2 ay boyunca davam edəcək festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən təmin edilib.
"Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən "Yay Fest”ə 7 iyul tarixində start verilib. Düşərgə iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonundakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimi zamanı Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan olunmasının gənclərimizin dövlətçilik prinsiplərinə daha dərindən yiyələnməsi, hüquqi biliklərinin möhkəmləndirilməsi və vətəndaş məsuliyyətinin formalaşması baxımından əhəmiyyətli imkanlar yaradacağını qeyd edib.
Düşərgə müddətində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Zəfərimizə və Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş görüşlər keçiriləcək. Peşəkar təlimçilər tərəfindən açıq havada müxtəlif mövzular üzrə təlimlər və panel müzakirələr, Konstitusiya, suverenlik və milli dəyərlər mövzularında interaktiv sessiyalar və vörkşoplar təşkil ediləcək, master-klasslar, idman yarışları, intellektual oyunlar və konsert proqramları həyata keçiriləcək.
Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri https://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün seçimlərə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün "Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.








