Gömrükdə 6 kq-dan çox narkotik vasitə saxlanıldı

KRİMİNAL
00:14 15.02.2015
2375

Gömrükçülər bu dəfə Azərbaycan vətəndaşlarından həşiş qətranı və heroin aşkarlayıblar

AZXEBER.COM Region Tv-yə isitinadən xəbər verir ki, respublikanın gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Gömrükçülər bu dəfə Azərbaycan vətəndaşlarından həşiş qətranı və heroin aşkarlayıblar.

Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycandan Rusiya Federasiyasına gedən Turac Hüseynovun əl yükünə keçirilən gömrük baxışı zamanı ona məxsus çemodandan 6 bağlamada ümumi çəkisi 5 kq 880 qram olan həşiş qətranı aşkar edilərək götürülüb. Turac Hüseynov şübhəli şəxs qismində tutulub və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Pərvanə Qurbanovanın üzərində aparılan şəxsi yoxlama zamanı onun daxili orqanından selofana bükülü 2 ədəd bükümdə, ümumi çəkisi 173 qrama yaxın heroin aşkar edilib. Bundan sonra Pərvanə Qurbanovadan aşkar edilən heroini qəbul edəcək şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Axtarışlar nəticəsində Azərbaycan vətəndaşı Rəşad Qarayev Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunun qarşısında saxlanılıb. Aşkar edilən faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR