Gördüklərim, yaşadıqlarım, qələmə aldıqlarım - KÖŞƏ
KÖŞƏ
23:35 04.02.2012
2692
Səmayə MƏMMƏDOVA Bəzən düşünürəm, bəlkə də həddindən artıq düşünürəm. Olanları, keçənləri, həyatımıza daxil olub, daha sonra bizi tərk edənləri... Unutdugumuz, varlığını xatırlamadığımız, amma bir zamanlar bizim üçün çox əziz olan insanları... Və ya heç vaxt unuda bilmədiyimiz, yaşımızdan asılı olmayaraq, gözümüzdə daim uca olan, adı çəkilərkən, səsi gələrkən üzümüzdə təbəssüm yaradan, varlığı üçün darıxdımız insanları düşünürəm. Onların hər biri həyatımızın müəyyən rəngidir. Əslində həyat özü elə bir sənət əsəridir. Həyat mənə üzərində müxtəlif rənglərin, emosiyaların toplandığı böyük bir tablonu xatırladır. Mən tablomun daim əlvan rənglərlə zəngin, maraqlı, dərin olmasını arzu edirəm. Axı, bir gün tablolardan ibarət sərgi təşkil edilərsə, mən məhz mənim tablomun önündə daha çox insanın olduğunu, daha çox mənalı simaların onu oxumaq istədiklərini görmək istəyirəm. Əslində, haqqında danışacağım əhvalat həyat tablomun müəyyən bir hissədir. Sadəcə, burada hansı rənglərdən daha çox istifadə edəcəyimi, düzü, bilmirəm. Çünki yalançı təbəssümün arxasında gizlənən oyunun hansı rənglə daha çox ifadə oluna biləcəyi ağlıma gəlmir.Hadisə İngiltərədə, yay fəslində, mən Kembric şəhərinə bir aylıq treninqə gedərkən baş verdi. Bu şəhərdə yaşananlar, daha doğrusu, hadisələri yaşadanları bir neçə hissəyə bölə bilərəm. Məni təəccübləndirən, kədərləndirən insanlar, dəstək olanlar və daim yanımda olanlar.Düzü, nədən başlayacağımı bilmirəm. Çünki personajların heç biri uydurma deyil. Onların hər biri realdır. Demək ki, onlar yazdıqlarımı bilsələr də, bilməsələr də, oxusalar da, oxumasalar da mən obyektiv yazmalıyam.Elə isə başlayaq evində qaldığım xanımdan. İlk andan məndə mədəni, qonaqpərvər, gülərüz insan təəssüratını bağışladı. Axı, səni gülər üzlə, mehriban qarşılayan, çantalarını evinin 3-cü mərtəbəsinə qaldırmağa yardım edən, otağını sənə böyük məhəbbətlə göstərən, mətbəxin, soyuducunun harada olduğunu bildirən, evində bir soyuducunun kirayənişinlər üçün olduğunu qeyd etdikdən sonra hər ehtimala qarşı: "Ərəb bizdə dəhşət çox alandır, israfçıdır. Onun heç nəyinə dəymə. Soyuducuda yer olmazsa, alacağın meyvə, tərəvəzləri, bişirəcəyin yeməkləri mənim soyuducuma qoya bilərsən" deyən insan ancaq və ancaq isti hisslər, evindən, ailəsindən uzaq düşən insanda o anda doğma hisslər oyada bilərdi. Qadının adı Sue Pearl idi. Göstərilən xoş münasibətin qarşılığı olaraq, məndən xatirə olsun deyə, butalı şarf hədiyyə etdim ona. Sue mənə evində 2 kirayənişinin qaldığını, onlardan birinin alman, digərinin isə ərəd olduğunu bildirdi. Amma mən o məqamda Suenun daha cox Əhməd adlı ərəbə meyilli olduğunu, ona daha böyük simpatiya ilə yanaşdığını hiss etdim. Maykl (Michael) adlı almandan bir az uzaq gəzməyimi, onun daha çox qaraqabaqlı olduğunu ötəri də olsa işarə etməsi mənə qəribə gəlirdi. Yeri gəlmişkən, Əhməd homoseksual idi. Onun oğlan dostu isə, qəribə də olsa, yəhudi idi.Amma əksinə olaraq, Maykl mənə daha xoş təsir bağışladı. O, özünə qapalı, danışmağa bir o qədər də meyilli olmayan insan olsa da, daxilimdəki bir səs məhz onun çox düzgün, qayğıkeş olduğuna işarə edirdi. Daha sonra baş verənlər daxilimdəki səsin doğru olduğunu bildirdi.Əhməd evdə çox az az tapılırdı. O, təhsili ilə bağlı çox tez-tez müxtəlif ölkələrə səyahət edirdi. Amma hər zaman evə qayıtdıqdan sonra, qəribə də olsa, evdə çox ağır ab-hava yaranırdı. Məsələn, mən bu evə gələrkən imzalanan müqavilədə ev yiyəsinin mənə yalnız səhər yeməyi verəcəyi qeyd olunmuşdu. Əhməd növbəti səfərindən öncə soyuducuya süd alıb qoymuşdu. Düzü, mən Suenin bir neçə gün öncə südü soyuducudan götürüb öz soyuducusuna qoyduğunu gördüm. Amma fikir vermədim. Mənim üçün bu bir o qədər də önəmli deyildi. Əhməd qayıtdıqdan sonra evdə sanki məhkəmə quruldu. Mən həyatımın ən mənasız hadisələrindən birinin şahidi oldum. Əhməd "mənim südümü kim götürüb" sualını mənə baxa-baxa Sueya verdi. Sue soyuducudan öz süd qabını çıxarıb: "Mənə heç kəsin südü lazım deyil. Bax, mənim də südüm gör necə tez qurtarır. Mən kimdən şübhələnim?" deyib Əhmədə baxdı. Düzü, bu hadisə mənə çox pis təsir etdi. Axı 3-4 poundluq (3-4 manat) süd nədir ki, ona görə evdə belə məhkəmə qurulub? Mən Sueya baxıb, ona mənim səhər yeməyimə süd daxil olduğunu və mən yalnız südün səhər içildiyini bildirdim. Bilirsiniz, mənim üçün dükana gedərkən evdə kiməsə nəyinsə lazım olub olmadığını soruşmaq, lazım olduğu təqdirdə, əlavə olaraq 2-3 pound pul ödəmək və daha sonra onu götürmədən çörək və ya süd almaq, yemək yeyərkən hörmət və mədəniyyət əlaməti olaraq mənimlə bir otaqda, bir masada oturan insanlara yemək təkilf etmək çox adi hal olduğu zaman, bu hərəkətlərim onlara qəribə, hətta anormal da görünə bilərdi. Mənim demək olar ki, hər gün evə, ailəmə zəng etməyim isə Suedə əməlli-başlı qəribə hisslər oyadırdı. "İnsan neçə dəfə valideynlərini yığa bilər? Mənim övladlarım məni bu qədər yığsa mən əməlli əsəbləşərəm" deyirdi. Getdikcə münasibətlər dəyişməyə başladı. Sue günbəgün daha çox dəyişir, özünü müəmmalı aparırdı. Düzü, mənim aləmimdə səmimi olmayan insanların əhatəsində olmaq qədər darıxdırıcı və ürəksıxıcı heç nə ola bilməz.Mən bu məqamda almaniyalı Maykl haqqında danışmaq istəyirəm. Əslində, xaricən çox soyuqqanlı, özünə qapalı görünən Maykl çox mehriban, diqqətli və qayğıkeş imiş. Bəzi çətin məqamlarda mənə dəstək olması, xəstələndiyim zaman qayğı göstərməsi, maraqlı söhbətlər etməsi onu daha yaxşı tanımağıma səbəb oldu. Həqiqətən ünsiyyət, zaman, müşahidə bir çox keyfiyyətləri açmağa imkan yaradır. Ailə dəyərlərimiz, adətlərimiz ilk günlərdə digərlərinə olduğu kimi, Maykl üçün də qəribə, hətta bəzi hallarda anormal görünürdü. Amma hər addımın, hər hərəkətin öz mənası, öz izahı var. Bu mənaların izahı insanlar arasında soyuqluğu, qeyri-səmimiyyəti, anlaşılmazlığı aradan qaldırır, onları mehriban, dost edir. İlk günlərdə Suenun mənə Maykldan uzaq gəzməyimi məsləhət görməsi, onun çox özünə qapalı, soyuqqanlı insan olduğunu ilk fürsətdə mənə bildirməsi, əslində, evində bir ildən artıq yaşayan bu insanla ev yiyəsinin ünsiyyət qurmamasından, onu tanımaq arzusunda olmamasından irəli gəlirdi.Elə Mayklla olan söhbət mənə bəzi məqamları açmağa imkan yaratdı. Sən demə, Sue Maykl haqqında mənə dediklərini, mənim də haqqımda da ona və digər kirayənişinə işarə edirmiş. Amma əslində, Suenun soyuq münasibətinin kökündə mənim onun soyuducusundan, mikrodalğalı sobasından istifadə etməyim, özümə yemək bişirməyim dayanırmış. Bunu mənə səhər məni otağına çağıran tələbə təminatı komitəsinin rəhbərinin xəbərdarlıq etməsindən bildim. Düzü, təəccübləndim. Xanımın məni çağırmasına, etirazını bildirib xəbərdarlıq etməsinə yox. Mənimlə ikili oyun oynayan Sue Pearlın məharətinə. Qəbulunda olduğum xanımla belə bir dialoqum oldu: "Mən: Olar mən sizin qələminizi götürüm? Xanım: Buyurun. Mən: Əminsiniz? Xanım: Təbii. Mən: İndi mən sizin səmimi olduğunuza necə inanım? Axı Sue Pearl da mənə evinə ayaq basdığım gündən kirayənişinlərin soyuducusunda yer olmadığı halda rahat şəkildə onun soyuducusundan istifadə edə biləcəyimi, yemək bişirə biləcəyimi bildirmişdi". Bir şeyi başa düşdüm - mən bu oyunu oynaya bilmərəm. Nə də bu evdə qala bilərəm. Axı, mən hər zaman evimizə gələn insana ən mehriban münasibət göstərildiyini, ən ləziz təamların məhz onlar üçün masaya düzüldüyünü, valideynləri yanında olmayan dotlarıma isə anamın xüsusi qayğısını görmüşəm. Odur ki, məhz elə həmin günü o evi tərk etdim. Bir neçə gün tələbə yataqxanasında qaldıqdan sonra növbəti ailənin kirayənişini oldum. Afroamerikalılar idi. Öz adətləri, tələbləri, qanunları olan ailə.Uzaq diyarda, qərib şəhərdə, xasiyyəti, adəti, bir qədər soyuq münasibəti ilə səndən fərqlənən insanların içində təklikdə, tənhalıqda sıxılmamaq, melanxolik hisslərə qapılmamaq, tez-tez ağlamamaq, ev üçün, sənin hər zaman yanında olan ailən, tez-tez gördüyün, sirdaşın olan dostlar üçün darıxmamaq mümkün deyil. Uzaq diyarda dərslərə nə qədər aludə olsan da ruhən sənə yaxın, səninlə söhbət edəcək, bölüşəcək insanlar olmasa çox çətin olur. Amma zaman hər şeyi öz yerinə qoyur. Sadəcə ona etibar et. Müşahidə et. Ünsiyyətdən qaçma. İstiqanlı, mehriban, qayğıkeş olmaqla digərlərinə qəribə, hətta bəzi zamanlarda qeyri-adi görünməkdən qorxma. Özün ol. Sadəcə özün. Onlar səni sevəcəklər. Özün olduğun üçün...İlk həftəm çox çətin keçdi. Amma yavaş-yavaş mən də ürək sirdaşlarımı, dostlarımı tapdım. Sözün əsl mənasında səmimi insanlar arasında kirayənişin qonşum Maykl və müəllimim Toninin xüsusi yeri var idi. Toni qeyri-adi dərəcədə mehriban, gülərüz, həyat eşqi ilə dolu, pozitiv bir insan, təcrübəli müəllim idi. Heç bir tələbəsini ruhdan düşməyə qoymayan, hər kəslə çox mehriban, səmimi şəkildə ünsiyyətə girən, unudulmaz müəllim...Mən italyan rəfiqələrim Orsina (mən ona Orsi deyirəm) və Jiuliya haqqında xüsusi olaraq yazmaq istərdim. Orsi və Jiuliya haqqında yazarkən üzümdə təbəssüm yaranır. Bu iki qız həqiqətən özünəməxsus, mehriban, qayğıkeş, gülərüz, çox ağıllı qızlar idi. Mənim ad günümdə məni Londona aparmaları, axşam Kembric şəhərinə qayıtdıqdan sonra mənim üçün ad günü keçirmələri, dərslər arası, dərsdən sonra maraqlı söhbətlərimiz yaddaşıma həkk olunan gözəl anlardır.Mən yaxşı, səmimi, qayğıkeş, dost insanlardan bəhd edərkən Nəzrin və Nərmin haqqında yazmaya bilmərəm. Dostlar, inanın, uzaqda olarkən, tək qalarkən, nə edəcəyini bilməyərkən qəlbi geniş, ürəyi böyük, daxilən zəngin olan insan sənə o qədər yardım etmiş, dəstək göstərmiş olur ki, onu sözlə ifadə etmək olmaz. Mən Londondakı evinin otağının açarlarını gözüyumulu mənə uzadan Nəzrin haqqında yazmaq istəyirəm. Onunla tanışlığım təsadüfən, Strasburqda xaricdə təhsil alan Azərbaycanlı Tələbələrin Forumunda baş vermişdi. Bu münasibətlər daha sonra mehriban dostluğa çevrildi. Nəzrin mənim İngiltərəyə gedəcəyimi bilən kimi böyük səmimiyyət hissi ilə evinin açarlarını mənə verdi. "Əgər mənim Londonda evim varsa, sənin oarada olacağın bir neçə gün ərzində əlavə pul xərcləyib, hoteldə qalmağın nəyə lazımdır?" deyərək böyük qayğı ilə yardım əlini uzatdı. Nəzrin Londonda LSE-də (London İqtisadiyyat Universiteti) təhsil alırdı. Həmin ərəfədə tətilə evə gəlmişdi. Nərmin İngiltərədə Nottingem Universitetində təhsil alan Azərbaycanlı tələbələrimizdən, mənim çox sevdiyim dostlarımdan biridir. İnanın, dərslərinin çoxluğuna, imtahanlara hazırlığına baxmayaraq, "Skype" vasitəsilə mənimlə tez-tez əlaqə yaradır, böyük qayğı göstərirdi. Saat, vaxt önəmli deyildi. Əgər mənə məsləhət, yardım lazım idisə, Nərmin o an "Skype"da olurdu. Onun Kembric şəhərinə yanıma gəlməsi, qonağım olması, birgə "Harry Potter" filminə getməyimiz soyuq şəhərdə qəlbimi isidən unudulmaz anlar idi.Bilirsiniz, mənə maraqlı olan nədir? Bizi dəyişən gördüklərimizdir, yoxsa yaşadıqlarımız? Məncə yaşadıqlarımız. Çünki yaşananların hər birini öz üzərimizdə hiss edirik, ürəyimizdən keçiririk. Sadəcə, burada da bir məqam var. Sən nəyi görüb, nəyi götürüb, nəyi yaşayırsan. Mən pisi də gördüm, yaxşını da. Amma yaxşını yaşamaq istədim. Yaxşıda təskinlik tapmaq istədim.../// trend.az