Ağdamda XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Qasım bəy Zakirin yaşayıb-yaratdığı evi söküblər. "SalamNews"un bölgə müxbirinin verdiyi xəbərə görə, uzun illərdir qəzalı vəziyyətdə olan tarixi binanın yerində yeni musiqi məktəbi tikilir. 1815-ci ildə Ağdamın Xındırıstan kəndində inşa olunan bu binada bu günə qədər uşaq musiqi məktəbi fəaliyyət göstərirdi.Bildirək ki, son günlərədək musiqi məktəbi kimi istifadə olunan bina 1830-cu ildə, Xurşudbanu Natəvanın atası Mehtiqulu xan tərəfində Qasım bəy Zakirə hədiyyə edilib. O vaxtlar bir mərtəbədən ibarət olan evin ikinci qatı 1904-cü ildə əlavə olunub. Sovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıb. Yaşı iki əsrə yaxın olan bəy evi son illər təhlükəli vəziyyətə düşdüyündən onun yenisi ilə əvəzlənməsi nəzərdə tutulub.