Görkəmli bəstəkar Emin Sabitoğlunun vəfatından 13 il ötür

MƏDƏNİYYƏT
14:12 18.10.2013
1737

Bu gün Azərbaycan musiqisinə bir-birindən gözəl və əvəzsiz musiqi əsərləri bəxş edən görkəmli bəstəkar Emin Sabitoğlunun anım günüdür.

AZXEBER.COM xəbər verir ki, bəstəkar 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib. Qeyd edək ki, Mahmudov Emin Sabit oğlu (Sabitoğlu) 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra Konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi). 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də bilmirdi. E.Sabitoğlu paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

 

OXŞAR XƏBƏRLƏR