‘Görüşdən sonra İsa Qəmbərin namizədliyini geri götürməsi istisna deyil’ - Razi Nurullayev

SİYASƏT
13:30 01.08.2013
1614

AXCP sədrinin müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri Razi Nurullayevin Milli Şuranın Tiflis görüşü və vahid namizədin ətrafında gedən proseslərlə bağlı AZXEBER.COM-a verdiyi müsahibəni təqdim edirik:

-Razi bəy, Milli Şuranın Tiflisdə keçirilən iclasını bütün ölkə diqqətlə izlədi. Siz, necə düşünürsünüz, bu görüş Milli Şuranın taleyində hansısa bir dəyişiklik yarada bildimi?

Tiflisdə baş tutan görüş Milli Şuranın taleyi ilə bağlıdır. Bu görüş bir çox məsələlərə aydınlıq gətirməkdə köməklik edəcək. Belə ki, Rüstəm İbrahimbəyovun ölkəyə gəlməsi ilə bağlı müəyyən şübhələr olsa da, əsas səbəb onun hələ də Rusiya vətəndaşı olmasıdır. Bu baxımdan bu görüş çox böyük əhəmiyyət kəsb edirdi. Düşünürəm ki, bu görüşdən sonra növbəti sessiyada artıq heç bir suallar meydana çıxmayacaq.

-Rüstəm İbrahimbəyovla İsa Qəmbərin təkbətək görüşü haqqında hələ də mətbuata dolğun informasiya verilmir. Sizcə bu görüşdə nələr baş verib?

Hesab edirəm ki, bu görüş vahid qərar qəbul etmək üçün çox önəmli idi. Çünki İsa Qəmbər öz namizədliyini verib-verməmək, Milli Şuranın ehtiyyat namizədi olub-olmamaq barədə qərar qəbul etməlidir. Bu baxımdan bu görüş Milli Şuranın taleyində çox böyük əhəmiyyət kəsb edirdi.

-Görüşə qədər 2 namizəd arasında kifayət qədər fikir ayrılıqları var idi. Görüşdən sonra hər şeyin dəyişməsinə nə səbəb ola bilər?

- Əgər bu görüş öncədən təşkil edilsəydi, təbii ki, bu cür hallar baş verməzdi. Görünür, görüş uğurlu, səmimi keçdiyindən İsa Qəmbərlə Rüstəm İbrahimbəyov fikirlərində ortaq məxrəcə gələ biliblər. Düşünürəm ki, görüşdən sonra İsa Qəmbərin ehtiyat namizədliyini geri götürməsi istisna deyil.

-Əli Kərimlinin görüşlərdə iştirak etməməsi, Rüstəm İbrahimbəyovla İsa Qəmbəri yaxınlaşdıra bilərmi?

- Görüşdə Əli Kərimlinin iştirak etməməsi onun əleyhinə aparılacaq işlərlə əlaqəli deyil. Görüşdə AXCP sədri iştirak etməsə də, onun nümayəndəsi iştirak edib. Özünün iştirak etməməsinin əsas səbəbi xarici pasportunun olmaması ilə əlaqəlidir.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR