Güclü külək yollarda təhlükə yarada bilər – Sürücülərə xəbərdarlıq

Güclü külək yollarda təhlükə yarada bilər – Sürücülərə xəbərdarlıq
SOSİAL
11:44 27.07.2026
163
Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib.

AZXEBER.COM xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

Qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sahibləri və sürücülərinə küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu xatırladılıb. Onlardan daşınan yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirmələri istənilib.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər təhlükə ehtimalı olan obyektlərdən uzaqda saxlamaq, park zamanı isə qapalı məkanlara üstünlük vermək tövsiyə olunub.

Qeyd edilib ki, xüsusilə açıq ərazilərdə küləyin yaratdığı toz dumanı görünüş məsafəsini məhdudlaşdıra bilər. Bu səbəbdən sürücülər sürət həddinə və ara məsafəsinə nəzarət etməli, ötmə və manevr zamanı daha diqqətli olmalıdırlar.

Piyadalara da hava şəraitini düzgün qiymətləndirmək və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yarada biləcək davranışlardan çəkinmək tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR