Güclü zəlzələ 90 nəfərin həyatına son qoydu

DÜNYA
10:41 23.07.2013
1305

Çinin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 89-a çatıb. Rəsmi məlumatlara görə, xilasedicilər indiyə qədər 620-dən çox insanı yaralı halda dağıntılar altından çıxara biliblər. Yaralıların əksəriyyəti orta və ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daha 5 nəfər itkin düşmüş hesab edilir. Zəlzələnin gücü Rixter cədvəli ilə 6,6 bal təşkil edib. Güclü yeraltı təkanlar ötən gün yerli vaxtla səhər saat 7:45-də hiss edilməyə başlayıb. Zəlzənin episentri ölkənin qərbindəki Qansu əyalətində, yerin 20 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində uçqunlar və topraq sürüşmələri baş verib. Zəlzələdən ən çox əziyyət çəkən isə, Qansu əyalətinin Min və Tsan mahalları hesab olunur. Zəlzələ nəticəsində bölgədə rabitə və elektrik enerjisi təchizatı kəsilib. 2000-ə yaxın ev tamamilə dağılıb, 22.500 evə qismən ziyan dəyib. Ümumilikdə 123 min sakin zəlzələdən zərər çəkib, 31 min 600 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Çin "Qırmızı Xaç Cəmiyyəti" zəlzələdən zərər çəkənlərə 200 çadır, 1000 dəst qab-qacaq və 2000 ədəd jaket göndərib. Hazırda xilasedicilər ucqar ərazilərdə torpaq sürüşməsi nəticəsində evlərində təcrid olmuş insanları xilas etməyə çalışırlar.  Qeyd edək ki, Çində son illərdə ən dağıdıcı zəlzələ 2008-ci ildə baş vermişdi. Həmin vaxt Rixter cədvəli ilə 7,9 bal gücündə zəlzələ nəticəsində 90 min insan ölmüş və itkin düşmüşdü.//anspress

OXŞAR XƏBƏRLƏR