Türkiyənin tanınmış sənətçilərindən olan Gülbən Ərgən Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, üç uşaq anası olan xanım müğənni 15 illik karyerasında ilk dəfə dünya turnesinə çıxmağı planlaşdırır. Onun bu ilin noyabr ayından gələn ilin mart ayına qədər 20 ölkədə çıxış edəcəyi gözlənilir. Həmin ölkələr arasında Azərbaycanın da adı var. Gülbən Ərgənin Almaniya, Fransa, Hollandiya, İsveçrə, İngiltərə, Avstriya və Belçika kimi Avropa ölkələri ilə yanaşı, Cənubi Koreya, Avstraliya və Amerika Birləşmiş Ştatlarına da səyahət edəcəyi gözlənilir. Turne proqramında Azərbaycan və Türkmənistanla yanaşı, Livan, Misir və Tunis də var.