Gülən Adam

Gülən Adam
KÖŞƏ
23:54 16.10.2017
3965
Türkan Turan 
 
Zaman dəhşətli qavramdır. Bir gözqırpımında elə hadisələr baş verir ki, insanın fələyi çaşır. Yadlar doğma olur, doğmalarla aranda qitələr varmışcasına uzaqlıqlar yaranır. Dəlicəsinə sevdiklərimiz bir gün nifrətə belə layiq olmayacaq qədər dəyərsizləşirlər. Kimi gözümüzdən düşüb param-parça olur, kimi kölnümüzdən çıxıb qeybə çəkilir. Olmaz dediklərimiz olur, getməz dediklərimiz gedir, atmaz dediklərimiz dünyanın ən yüksək nöqtəsinə qalxır, oradan dibi görünməyən boşluğa tullayır, ardına da baxmadan yox olur. Vətənində yad, evində qonaq, torpağında köksüz hiss etdiyin anda elə insan gəlir ki, onun Tanrı tərəfindən verilən mükafat olduğuna inanırsan.
 
İnsanın ən böyük mükafatı insandır. Dünyanın ən qiymətli hədiyyə qutusunu açmaq belə sürpriz kimi həyatımıza gələn insanı qarşılamaq qədər zövqverici deyil!
 
2014-cü ilin bu günləri idi. Yarpaqlar tökülürdü, payızın narın-narın yağışı yavaş-yavaş səpələnirdi, şəhərin izdihamı səngimirdi. İşlər çox, vaxt az, həyat bu qarışıqlıqla davam edirdi. Təsadüfən o gəldi-Yıldıray Arslan, TRT-nin Bakı təmsilçisi. Həmin ərəfədə minlərlə boz adamın içində "gülən üz”lə qarşılaşmaq göydəndüşmə olmuşdu. Baxanda elə hiss edirdim ki, anadan yekə bir təbəssüm olaraq doğulub.
 
Rəşad Məcid kimi onunla da tanış olduğumuz gün mübahisəmiz olmuşdu. Bunu gülə-gülə etməsi məni lap özümdən çıxartmışdı. İkinci dəfə onunla söhbət edəcəyimi düşünmürdüm. Üstündən 2-3 gün keçmişdi, biz artıq dostluğumuzun bünövrəsi üzərində daşı daş üstünə yığmağa başlamışdıq. Doğrudur, tez-tez mübahisələr edirdik, amma bu dostluğumuza maneə deyildi. Çünki bütün situasiyalarda bir dəfə gülürdü, bununla da buludlar dağılır, qaranlıqlar aydınlanırdı. Qısa zamanda aradakı bu doğmalıq nə idi, başa düşmək çətin idi. Bircə onu bilirdim ki, qapısını istədiyim vaxt aça biləcəyim, istədiyim vaxt yazıb, zəng edəcəyim doğmama çevrilmişdi. Sevinci də, kədəri də rahatlıqla danışacaq adam hər an olmur. Yıldıray Arslan istisnalardandır. Fərqli insandır. Heç kimə bənzəmir, bənzəməyə də cəhd etmir. Tikanlı sözlərini əsirgəmir, amma sancdığı yerdən çıxartmağı da bilir. "Dost acı deyər” prinsipindən geri qalmır, acını şirin etməyi də bacarır. Dərdinlə qubarlanmağı da bilir, dərdlərini buxarlandırıb, yox etməyi də. Birlikdə ağlamağı da bacarır, gözünün yaşını silməyi də.
 
Sevgisi də maraqlıdır. Dünyadan böyük ürəyində, ürəyindən də böyük sevgilər daşıyır. Sevgisini dili ilə deyil, gözləri, üzünü heç tərk etməyən təbəssümü ilə insanın iliyinə qədər ötürür. Həmin sevgi onu uşaqlaşdırıb dünyanın ən məsum varlığına da çevirə bilir, şairliyinə ilham verib ardı-arası kəsilməyən şeirlər də yazdıra bilir, münəccimə çevirib, bilinməyənləri aşkara da çıxarda bilir.
 
Və onun gülən üzü... O təbəssümün arxasında nələr var, nələr... Əsəbləşəndə də gülür, sevəndə də gülür, ağlayanda da gülür, yorulanda da gülür. O, həmişə gülür. Gülüşü əvvəllər məni tərəddüdə salırdı. Sonralar əmin etməyə başladı. Lap sonralar həmin gülüşün arxasındakı dünyanın kəşfinə çıxdım. Qarmaqarışıqlıqdan başım fırlandı. Həmin vaxt dünyaya hüzur verən insana qarşı bunun ədalətsizlik olduğunu anladım. Lap sonralar isə öyrəndim ki, gözəl gülən insanlar digərləri ilə müqayisədə iki dünyada və daha dərin yaşayırlar. Belə insanlar dünyanın ən həssas, kövrək, duyğusal insanlarıdır. İstəyəndə gülən, istəyəndə ağlayan insanları anlamağa nə var ki? Gəl, hər hadisəyə təbəssüm edəni anla görüm, necə bacarırsan!? (P.s yeganə gülmədiyi, qəzəblə danışdığı mövzu "FETÖ” olub). Ona nəyisə uzun-uzadı danışmağa, özünü olduğun və ya olmadığın kimi tanıtmağa ehtiyac yoxdur. Çünki insanı sümüklərinə qədər görə bilir. Danışmasanda beynindən keçənləri oxuyur, nə düşündüyünü hiss edir.
 
Elə olub ki, aylarla nə danışmamışıq, nə də görüşməmişik. Amma bu münasibətimizə heç vaxt təsir etməyib. Qarşı-qarşıya gəldikdə o interval hiss olunmayıb. Həqiqi dostlarımı onlarla necə görüşməyimdən müəyyən edirəm. Qarşılaşanda ürəklə qucaqladığım, bağrıma basa bildiyim əsil dostlarımdır, gerisi sadəcə tanışlardır. Yıldıray Arslan da, həmçinin! Sonuna qədər güvəniləcək, arxanı tərəddüd etmədən çevirəcək tək-tük insanlardandır. Ən əsası vicdanlıdır.
 
Hələ Bakını sevməyindən danışmıram... İçindəki Azərbaycan sevgisi mükəmməldir. Bəlkə də, bu şəhər ona ən çox şeir yazdıran ikinci yerdir. Bakının boyunu körpə sevər kimi əzizləyir. Zaman-zaman nazından, çox vaxt küləyindən, bəzən yağışından başlayır, Xəzərindəki dalğasına qədər tərənnüm edir. Onun Bakını sevməyini xüsusi sevirəm. Bilirəm ki, şəhərim də onu sevir.
 
Varlığı qədər dəyərlidir. Dostluğu qədər əzizidir. Ürəyi qədər təmizdir. Mənə çox insanlar qazandırıb, amma biri var ki, özünün də xəbəri olmadan hədiyyə qutusunda dünyama bəxş edib.
 
Bu günlərdə ölkəsinə geri dönür. Gedişini düşündükcə, kədərimin miqyasını görə bilmirəm. Bu şəhərdən bir doğmamın da əksiləcəyi hüzün verir. Gedişi ilə sadəcə özünü aparmayacaq. Bir az təbəssümdən, bir az şeirdən azalacaq. Bir az səkilər addımlardan qəribsəyəcək. Bir az dost məclislərindən nəşə gedəcək. Ən çox da mən darıxacam. Amma şanslı insanam. Yeriyən təbəssümün ruhuna bələd olduğum, ürəyini gördüyüm, ən uzun məsafədən necə olduğunu hiss edə bildiyim üçün...
 
Narahat deyiləm, çünki uzaqlıq kilometrlərlə olmur, ən uzun məsafə insanların beyinləri arasında olur. Gülən adam, gülə-gülə, həmisə bir zəng qədər yaxınında olacam. Türkan TURAN
OXŞAR XƏBƏRLƏR