Gültəkin Hacıbəyli müxalifəti xarici qüvvələrə işləməkdə ittiham edir – NÖVBƏTİ VİDEO
SİYASƏT
15:45 28.09.2013
2236
Hazırda Milli Şuranın üzvü olan Gültəkin Hacıbəyli təxminən 3 il bundan öncə millət vəkili olduğu dövrlərdə AzTV-nin “Günün Nəbzi” verilişinin qonağı olarkən indi təmsil olunduğu müxalifət düşərgəsinin ünvanına sərt fikirlər söyləyib.AZXEBER.COM-un məlumatına görə, G.Hacıbəyli həmin çıxışında belə deyib: “Azərbaycanda sözün həqiqi mənasında müstəqil siyasət yürüdən hakimiyyətin mövcud olması heç də hamını qane etmir və xaricdə olan bütün qüvvələr bunu normal qarşılamır. Ən azı biz Azərbaycanı qonşu dövlətlərlə müqayisə etsək, görərik ki, daha çox Amerikapərəst və Rusiyapərəst mövqe nümayiş etdirən qonşu ölkələrdən fərqli olaraq Azərbaycan və İlham Əliyev hakimiyyətinin, daha əvvəl isə Heydər Əliyev hakimiyyətinin həyata keçirdiyi siyasət hər zaman Azərbaycanpərəst siyasət olub. Azərbaycanın milli maraqlarına cavab verən siyasət olub. Sözsüz ki, bu siyasəti qəbul etməyən, Azərbaycanı marionet dövlət kimi görmək istəyən qüvvələr var. Azərbaycanda öz siyasi maraqlarını diktə etmək və Azərbaycan hakimiyyətini bu maraqlara tabe etmək istəyən qüvvələr var.Bu qüvvələr də vaxtaşırı demokratiya, insan haqları, fikir azadlığı pərdəsi altında müdaxilələr edirlər və bundan sonra da edəcəklər. Sadəcə olaraq Azərbaycanda milli tolerantlıqla bağlı vəziyyət o qədər yüksək səviyyədə olub ki, onlar bu sahəyə müdaxilə edə bilməyib, bunu inkar edə bilməyib. Bizdə olan əksər müxalifət partiyalarına nəzər salsaq görərik ki, uzun illərdir uğur əldə edə bilməmələrinə baxmayaraq, hakimiyyət uğrunda mübarizədə hər hansı kiçik də olsa irəliləyiş əldə edə bilməmələrinə baxmayaraq, yəni nə siyasi partiya liderləri dəyişir, nə partiyalarının yönətimi dəyişir, nə də partiyalarının proseslərə siyasi yanaşma tərzi dəyişir.Nəticədə isə sözsüz ki, həmin nöqsanlar təkrar olunur. Günün nəbzini tuta bilməmək, yeniləşən və qloballaşan dünyada çox sürətlə baş verən proseslərlə ayaqlaşa bilməmək öz elektoratını məyus etmək və nəticədə də Azərbaycanda siyasi mədəniyyətin inkişafına əngəl olmaq olur”