“Aborta istənməyən ailə planlama metodu kimi baxmaq olar. Tarix boyu uşaq sayını azaltma üçün bir çox metodlardan istifadə olunub. Müasir dövrdə təhlükəsizlik baxımından tam güvənilir metodlar var. Yaxşı olar ki, insanlar bu metodlardan istifadə etsinlər. Ailə planlaması metodu kimi aborta əl atmasınlar”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, ginekologiya uzmanı Rəşad Sultan deyib.
O, bildirib ki, bir çox ölkələrdə aborta icazə verilir: “İlk növbədə, cəmiyyət müasir metodlardan istifadə etmək baxımından kifayət qədər maariflənməyib. Maariflənmənin yüksək səviyyədə olduğu ölkələrdə abortu qadağan edə bilirlər. Nəzərə almaq lazımdır ki, bütün dövlət, orqanlar etik nöqteyi-nəzərdən, tibbi risk baxımından müsbət hal olmadığını anlayırlar. Bu, məcburən atılan addımdır. Məsələ bununla əsaslandırılır ki, kriminal abortların sayı arta bilər. Abort tibb müəssisələrində həyata keçirilməlidir. Mexaniki, hormonal, cərrahi metodlardan istifadə etməklə arzuolunmaz hamiləliyin qarşısını almaq olar”.
Həkim-ginekoloq qeyd edib ki, hətta ilk hamiləlikdə belə uşağın cinsiyyəti məsələsinə önəm verən ailələr var: “Ailələrdə uşağa bəzək kimi baxırlar. Hər iki övladı qız olan və ya əksinə, 3-cü dəfə qız olan ailələr qız istəmirlər. Hətta ilk çətinliklə, bir neçə sonsuzluqla mübarizə apararaq uşaq sahibi olacaq ailələri belə ilk növbədə uşağın cinsiyyəti maraqlandırır”.
Verilişin digər qonağı, hüquqşünas Günel Səfərova isə bildirib ki, abortla bağlı qanunvericilikdə kifayət qədər boşluq var: “2008-ci ildən etibarən Milli Məclisə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında qanun layihəsi təqdim olunub. Təəssüflər olsun ki, bu qanun hələ də təsdiq olunmayıb. İlkin oxunuşdan sonra mübahisəli məqamlar yarandı. Hüquqi baxımdan çox mübahisəli tərəf var. Burada dölün və dünyaya gəlmiş uşağın hüququndan söhbət gedir. Azərbaycan qanunvericiliyi yaşamaq hüququnu dünyaya gəlmiş uşağa verir. Dünya təcrübəsində isə tam başqa hal müşahidə olunur. Məsələn, Yaponiyada dölün mülkiyyət hüququ var. Əgər uşaq dünyaya gəlmədən mülkiyyətlə bağlı mübahisə yaranarsa, o zaman onun payı ayrılır. ABŞ-da isə maraqlı məhkəmə prosesləri keçirilir. Məsələn, nəyə görə uşağın dünyaya gətirilməsi hüququ qadına verilir? Belə ki, uşağın dünyaya gətirilməsi tamamilə qadınların hüququdur. Dünyanın əksər ölkələrində belədir. Az sayda ölkələrdə dölün məhv olunması ilə bağlı atanın razılığı tələb olunur. Azərbaycan Respublikasında bu qanun hələ də qəbul olunmadığına görə, Səhiyyə Nazirliyinin göstərişi əsas götürülür. Cinsiyyət 14-cü həftədə bəlli olduğuna görə, o zamana qədər aborta icazə verilir. Qanunvericilikdəki boşluqlar bu sahədə tənzimləmələrin aparılması üçün çətinliklər yaradır”.
Hüquqşünas məsələnin birbaşa genofondla bağlı olduğunu diqqətə çatdırıb: “2006-2007-ci illərdə BMT–nin Əhali Fondu ilə birgə 5-6 rayonda reproduktiv sağlamlıqla bağlı hüquqi araşdırma apardıq. Real vəziyyət rəsmi statistikadan çox fərqli idi. Qeyri-qanuni abortların sayı həddən artıq çoxdur. Aborta ilk növbədə, ananın sağlamlığı üçün risk olanda icazə verilir. Azərbaycan uşaq və ana ölümü baxımından ön sıralardadır. Səbəblərdən biri də qeyri-qanuni abortlardır”.
Qonaq qeyd edib ki, erkən evlilik zamanı da abort etdirilməsi hallarına rast gəlinir:
“2014-cü ilin statistikasına görə, 15-19 yaşlı şəxslərin ailə qurması nəticəsində müəyyən səbəblərdən dolayı, abortların sayı il ərzində 1000-i keçib. Ən təhlükəli yaş qrupu 19-25 arasıdır. Burada say 6000-dən yuxarıdır. Bu yalnız rəsmi statistikadır. İlk yaş qrupunda məsələ erkən nikahlarla bağlıdır. Qeyd etmək lazımdır ki, qanun abort üçün yalnız tibbi səbəbi əsas götürür. Erkən nikah qurbanlarının ilk övladları qız olduğu zaman, əksər hallarda aborta təhrik edilir. Selektiv abortlar 88% təşkil edir. Çıxış yolu qanun qəbulu və cəzaların sərtləşdirilməsidir. Amma bundan öncə, maarifləndirməyə üstünlük vermək lazımdır”.