Gürcü naziri: ‘Biz qazı təkcə Azərbaycandan almırıq’

DÜNYA
00:05 09.01.2013
1370

Kaxa Kaladze "mavi yanacağ"ın qiymətindən danışıb

Mətbuatda Gürcüstanın energetika və təbii resurslar naziri Kaxa Kaladzeyə istinadən göstərilən Azərbaycan qazının qiyməti tədarüklərin real qiymətini əks etdirmir. Bu barədə “Trend”ə Kaladzenin özü telefonla deyib. Onun sözlərinə görə, KİV-də yayılan məqalələrdə "Cənubi Qafqaz" qaz kəməri üzrə "Şahdəniz" yatağından Azərbaycan qazının tədarükü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) qaz tədarükləri, həmçinin Gürcüstan ərazisindən keçən Rusiya qazının tranzitinə görə alınan yanacaq nəzərə alınmaqla, orta qiymət göstərilib: “Biz qazı təkcə Azərbaycandan almırıq, həmçinin "Şahdəniz" qazının tranzitindən, Rusiyadan qazın tranzitindən alırıq. Nəticədə bizdə alınan qiymət 186 dollar (1000 kubmetrə görə) təşkil edir". K.Kaladze bildirib ki, bununla da 1000 kubmetrə görə 186 dollar rəqəmi bütün mənbələrdən alınan Azərbaycan qazının orta qiymətidir. Qeyd edək ki, hazırda Gürcüstan Azərbaycandan qazı iki mənbədən alır. Birincisi, xarici şirkətlərin konsorsiumu tərəfindən tədarük edilən "Şahdəniz" qaz-kondensat yatağı, ikincisi isə ARDNŞ-nin qazıdır.

OXŞAR XƏBƏRLƏR