Millət vəkili Fazil Mustafa “Facebook”da maraqlı status paylaşıb.
AZXEBER.COM-un məlumatına görə, millət vəkili türizm xidmətlərinə görə, Azərbaycanı qonşu Gürcüstanla müqayisə edib: “Adamlar istirahətdən Batumdan gəlirlər. Dənizin kənarında hər şəraiti olan otel, adambaşına günü 20 ABŞ dolları ödəməklə üç dəfə yemək də içində, üstəlik bizdəki kimi çimərlikdə masanın birinə 10 manat ödəmədən istirahət edirsən, deyirlər. Hər gün Azərbaycanda çox sayda maşın sərhədi keçib bu turizm məkanına gedir. İstirahət edənlərin çoxu Azərbaycanlılardır, Anadolu türkləri də, ermənilər də çox gəlir. Ən əsası da Gürcüstan ərazisində yolda cəmi 4 nəzarət radarı var. Yəni qəza və başqa ektremal hallar üçün. Kimsə saxlayıb addımbaşı demir ki, filan yerdə radara düşmüsən. Turizm əslində tikilən binaların lüks olmağı ilə inkişaf etmir, xidmət əxlaqı, insana sayğı, təmiz yollar, yollarda canı boğaza yığmayan məmurlar, münasib qiymətlər ilə inkişaf edir. Bunları qurmadan hansı reklamı gözə soxsan da, kimsəni cəlb edə bilməzsən. Pullarımızın Gürcüstan və ya başqa ölkənin büdcəsinə bu formada axması üzücü də olsa, bizdəki indiki şərtlərdə və yaxın zamanlarda dəyişməyəcək gerçəklikdir”.