Gürcüstanda hökumət əleyhinə nümayişlərdə 63 nəfər saxlanılıb

Gürcüstanda hökumət əleyhinə nümayişlərdə 63 nəfər saxlanılıb
DÜNYA
16:16 01.05.2024
138
Gürcüstanda xarici təsirin şəffaflığı qanun layihəsinə etiraz olaraq 63 nəfər saxlanılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze dünən axşamdan paytaxt Tbilisidə başlayan və bu gün səhərə qədər davam edən "xarici təsirin şəffaflığı” qanun layihəsinə etirazla bağlı baş verənlərlə bağlı açıqlama verib.
 
Daraxvelidze bildirib ki, parlament binasının ətrafına toplaşan nümayişçilər dünən yerli vaxtla saat 21:00 radələrində binanın girişlərini bağlamağa cəhd ediblər.

Nümayişçilərin və bəzi müxalifət liderlərinin binanı mühasirəyə aldığını, deputatların və əməkdaşların parlamenti tərk etməsinə mane olmağa çalışdıqlarını bildirən Daraxvelidze əvvəlcə polisin burada yolları açdığını bildirib. Sonrakı saatlarda Daraxvelidze nümayişçiləri təhlükəsizlik qüvvələrinə qarşı zorakılıq aktları törətməkdə ittiham edib və bildirib ki, bu dəfə polis bibər qazı və təzyiqli su ilə müdaxilə etməli olub.
 
Xatırladaq ki, hakim Gürcü Arzusu Partiyası "xarici təsirin şəffaflığı” qanun layihəsini ilk dəfə 2023-cü ilin martında parlamentə təqdim edib.

Qanun layihəsində nəzərdə tutulub ki, vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan gürcü təşkilatları "xarici agent” kimi qeydiyyatdan keçməlidirlər, əks halda cərimələr ödənilməlidir.

Prezident Salome Zurabişvili və müxalifət qanun layihəsinin Rusiyanın göstərişi ilə hazırlandığını iddia edərək, onun ləğvini tələb ediblər.

Müxaliflər qanun layihəsinin ləğvi üçün nümayişlərə başlasa da, parlamentdə deputatlar arasında dava düşüb və Tbilisi küçələrində etiraz aksiyaları keçirilib.

Nümayişlər böyüdükcə Gürcü Arzusu Partiyası parlamentdə ilkin təsdiqini almış qanun layihəsini geri götürüb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR