Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanır

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanır
DÜNYA
23:43 20.06.2019
11705
Tbilisidə etirazçılar Rustaveli küçəsini bağlayıblar.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlament sədrinin və daxili işlər nazirinin istefası tələbi ilə parlamentin önünə toplaşan nümayişçilər paytaxtın əsas yollarından olan Rustaveli küçəsini bağlayıblar. Hüquq-mühafizə xidmətinin əməkdaşları yolun bağlanmasına əvvəlcə icazə verməsələr də, sonradan nümayişçilər buna nail ola biliblər.

"Girçi" partiyası da artıq nümayişlərə qoşulduğunu bəyan edib. Partiyanın lideri Zurab Caparidze bildirib ki, onlar həm hökümətə, həm də patriarxlığa etiraz edirlər.

"Anlamalısınız ki, bu günkü vəziyyətin əsas səbəbkarlarından biri Gürcüstan patriarxlığıdır. Mən gəlmişəm göstərəm ki, patriarxlıq Rusiyanın bu ölkədəki əsas güclərindən biridir", - deyə Z.Cparidze bildirib.

Tbilisi Dövlət Universutetinin və İlia Dövlət Universitetinin tələbələri də nümayişə qoşulacaqlarını bəyan ediblər.

"Vahid Milli Hərəkat" partiyasının sədri Qriqol Vaşadze isə hökümətə parlamentin sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Georgi Qaxariyanın və Dövlət Təhlükəsizliyi xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefası üçün bir saat vaxt verdiyini bəyan edib.

Tbilisi ilə bərabər Gürcüstanın Poti, Batumi və bir sıra digər rayonlarında da etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək assambleyaya sədrlik etməsi etirazlara səbəb olub. O, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.

S.Qavrilovun artıq ölkəni tərk etdiyi bildirilir.

***

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib.

"Report”un yerli bürosu xəbər verir ki, nazir etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.

G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur:

"Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram”.

***

Tbilisidə etiraz aksiyasında iştirakçılar və polis arasında fiziki qarşıdurma yaşanır.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını alır.

Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR