Gürcüstan dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazırdır.
AZXEBER.COM xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra "Facebook” hesabında qeyd edib.
Baş nazir vurğulayıb ki, söhbət zamanı Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə toxunulub, əlaqələrin son illərdəki müsbət dinamikası vurğulanıb.
"Biz birgə infrastruktur və enerji layihələrini müzakirə etdik. Bu layihələrin "Orta dəhliz”in inkişafı prosesində əhəmiyyəti vurğulandı. Ticari-iqtisadi əlaqələr və ölkələr arasında ticarət dövriyyəsinin artmasının müsbət tendensiyalarına diqqət yetirildi. Bölgədəki mövcud vəziyyətə dair söhbət aparıldı. Mən Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqlədim”, - Kobaxidze deyib.