Aprel döyüşlərinin 10-cu ildönümü ərəfəsində qəhrəman şəhid Sərxan Bağırovun məzarı Göygöl rayonu Əlimədədli kəndində ziyarət olunub.
AZXEBER.COM xəbər verir ki, ziyarətdə Rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Həmçinin burada dəfn olunmuş birinci Qarabağ müharibəsi şəhidi Eldar Əsgərovun da məzarı ziyarət olunub.
Şəhidin ailəsi ilə söhbət zamanı 2016-cı ilin 2-5 aprel tarixlərində Azərbaycan Ordusunun qazandığı hərbi uğurlar dövlətimizin qüdrətini, xalqla ordunun birliyini bütün dünyaya nümayiş etdirdiyi, Lələtəpə yüksəkliyinin və Cocuqmərcanlının azad edilməsi ilə başlanan şanlı yol 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük Zəfərin təməli olduğu vurğulanıb.
Eyni zamanda dövlətin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edilərək şəhidlərin keçdiyi şərəfli döyüş yolunun gənc nəsil üçün əsl vətənpərvərlik örnəyi olduğu qeyd edilib.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.















































