Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib - FOTOLAR

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib - FOTOLAR
SOSİAL
20:03 28.09.2026
123
Göygöl rayonunda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilib. 
İclasdan əvvəl qonaqlar Göygöl Rayon İcra Hakimiyyətinin başçı Vüqar Novruzovla birgə RİH-nin inzibati binasının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər. Qonaqlara xatirə hədiyyəsi təqdim edilib, həmçinin şəhər mərkəzində alman irsi ilə tanış olunub.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun, Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmakın və Gürcüstanın Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvilinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə əvvəlki iclaslarda əldə edilmiş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Orta Dəhliz boyunca gömrük prosedurlarının optimallaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi, elektron məlumat mübadiləsinin genişləndirilməsi və sərhədkeçmə proseslərinin səmərəliliyinin artırılması əsas müzakirə mövzularından olub.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit əməliyyatlarının asanlaşdırılması, risklərin idarə edilməsi, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda əldə olunmuş razılaşmaları əks etdirən protokol imzalanıb.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası da keçirilib. İclasda Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi, TIR və e-TIR mexanizmlərinin inkişaf etdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi və yük nəqliyyat vasitələrinin buraxılış imkanlarının artırılması məsələləri müzakirə olunub. 

Həmçinin tərəflər gömrük işinin müxtəlif istiqamətləri üzrə məlumat mübadiləsinin genişləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, səlahiyyətli iqtisadi operator, güzgülü gömrük statistikası, risklərin idarəedilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinə dair fikir mübadiləsi aparıb, birgə əməliyyatların və təlimlərin keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşün yekununda müzakirə olunan məsələləri və əldə edilmiş razılaşmaları əks etdirən protokol imzalanıb.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR