Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Hər uşaq bir çiçəkdir” mövzusunda ümumrayon tədbiri keçirilib.
AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev parkında təşkil olunan tədbirdə rayon rəhbərliyi, şəhid və qazi övladları, ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, eləcə də musiqi məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov uşaqların ölkənin gələcəyi olduğunu vurğulayaraq, onların hüquqlarının qorunmasının, sağlam və vətənpərvər ruhda yetişdirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, uşaqlara dövlət qayğısı siyasəti bu gün də uğurla davam etdirilir və həyata keçirilən sosial layihələr onların təhsili, sağlamlığı və hərtərəfli inkişafına mühüm töhfə verir.
Bayram tədbiri çərçivəsində şəhid övladlarına xüsusi diqqət göstərilib, onlara hədiyyələr təqdim olunub. Uşaqların ifasında musiqi və rəqs nömrələri nümayiş etdirilib, gənc idmançılar maraqlı çıxışlarla tədbirə rəng qatublar.
Sonda tədbir iştirakçıları uşaqlarla xatirə şəkilləri çəkdiriblər.



















































