Həyat düşüncələri: Yuxu...

KÖŞƏ
08:33 18.12.2010
2595

 -Heç, ana, yuxuda gördüm ki, meşədi, ikimiz – sən və mən orda gəzirik. Birdən sən başqa tərəfə dönürsən... Mənsə tək gedirəm...

-Balam, bu sadəcə yuxudu... Narahat olma...

Bu söhbətdən bir neçə saat keçmişdi. Amma ana hələ də özünə gələ bilmirdi. Çünki bilirdi, bilirdi ki, çox az qalıb... Ömrünün son günlərini və bəlkə də son saatlarını yaşayırdı. Son bir neçə saat ərzində öz uşaqlığını, anasının ölümündən bir neçə gün öncə gördüyü və hələ də onun üçün kabusa çevrilən bu yuxunu və övladını düşünürdü. Öz ölümü ona o qədər də, ağır gəlmirdi. Onun üçün ağır olan övladının da belə bir talelə üzləşəcəyi, gənckən dünyasını dəyişəcəyi qorxusu idi. O qorxurdu və bir səbəb axtarırdı. Nəyə görə bu onların başına gəlməli idi. Axı nə günahları vardı. Nəyə, kimə inanacağını hansı bir fövqəl və ya bəşər qüvvəyə tapınacağını bilmirdi. Özünə nə qədər bu təsadüfdü, sadəcə mən çox həssasam deyib təssəlli vermək istəyidisə də hər şeyi çox yaxşı başa düşürdü.

Fikrini dağıtmaq üçün mətbəxə keçib yemək hazırlamağa başladı. Oğlunun sevimli yeməyini hazırlamaq istədi. Nə qədər etsə də fikri yayınmırdı. Ağlayıb ürəyini boşaltmaq istəsədə ağlaya da bilmədi. Özü qəsdən bir neçə soğan götürüb doöramağa başladı. Elə bil göz yaşları  gözlərində əbədi olaraq donmuşdu. Ürəyi parçalanır, özünə gələ bilmirdi. 10 yaşlı oğlunun siması gözlərinin qarşısında canlanır və hər dəfə oğluna vediyi sözü xatırladıqca sanki ölümə bir addım da yaxınlaşırdı. Oğlunun başına gələcəklər. Bundan sonra ona kim baxacaq, o necə böyüyək, onun da mı taleyi belə olacaqdı... Bu fikrə çatanda o nəhayət ki, özünə birtəsəlli tapa bildi "o oğlandı, bu hadisə isə qadınların başına gəlir. Mənim oğlumla hər şey yaxşı olacaq". Üzündə qeyri-iradi bir təbəssüm yarandı. Nə qədər istəsə də bu təbəssümü üzündən qova bilmədi. Ona elə gəlirdi ki, artıq dəli olmağa başlayıb...

Hər şeyi açıq başla təhlil etməyə başladı. Öz uşaqlıq yuxusunu xatırladı. O yuxuda o öz anasıla yolda gedəndə özü anasından ayırılmış və başqa yolla getmişdi. Oğlunun yuxusunda isə ana ondan ayırılırdı. Ana bircə anlıq rahatlandı və özünə gəldi və əmin oldu ki, yox bu yuxu sadəcə təsadüfdü...

Tez mətbəxə qayıtdı. Oğlunun sevimli yeməyini hazırlamağa başladı. Üzü gülürdü. Sanki indicə öğluyla birgə 1000 il bərabər yaşayacaqlar xəbərini almışdı. Telefon zəng çaldı. Ana saata baxıb yəqin etdi ki, oğludur. Həmişə bu vaxtı dərsdən çıxar və anasına zəng edib gəldiyini deyərdi. Telefona baxtı oğlunun nömrəsi idi. Telefona cavab verəndən sonra yerində donub qalan ana oğlunun yuxusunu indi anlamışdı...

Bəhram HƏSƏNOV

OXŞAR XƏBƏRLƏR