"225 nömrəli məktəbdə jurnalistlərə qarşı törədilən hücum kəskin şəkildə pislənilməli, hadisədə təqsirli şəxslər qanun qarşısında cavab verməlidirlər”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
Hacıbəy Heydərli qeyd edib ki, belə halların qarşısının alınması üçün təqsirli şəxslərin sərt şəkildə cəzalandırılması vacibdir:
"Çox təəssüf ki, belə bir hadisə baş verib. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı törədilən hücum Azərbaycan Mətbuat Şurası tərəfindən də rəsmi açıqlama ilə pislənilib. Eyni zamanda, Azərbaycan jurnalistləri və cəmiyyəti dünəndən etibarən bu hadisəyə öz münasibətini bildirir.
Belə halların qarşısının alınması baxımından günahkarların ən sərt şəkildə cəzalandırılması çox vacibdir. Bütövlükdə cəmiyyətə mesaj verilməlidir ki, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz.
Biz bundan əvvəl də belə halların şahidi olmuşuq. Sevindirici haldır ki, hüquq-mühafizə orqanları məsələyə operativ və obyektiv yanaşır, günahkarlar məsuliyyətə cəlb olunurlar. Bununla yanaşı, cəmiyyətimiz də bu məsələdə birmənalı mövqe ortaya qoymalıdır.
Jurnalistin hər hansı mövzuda səhvi və ya yanlışlığı olsa belə, bu, ona qarşı zorakılığa, kobud davranışa, təhdidə, təhqirə və ya fiziki hücuma haqq qazandırmır. Belə hallar bütövlükdə qəbuledilməzdir və biz bunu kəskin şəkildə qınayırıq”.
Fəridə Əsədzadə











































