Gəncənin ən böyük gənclər təşkilatı olan "Gələcəyə körpü” İctimai Birliyinin baş katibi Hakim Ələsgərovun AZXEBER.COM-a müsahibəsi-Hakim bəy, ilk olaraq rəhbəri olduğunuz təşkilat haqda məlumat verərdiniz.- Əvvəla mən təşəkkür edirəm ki, “Azxeber” informasiya portalı olaraq, region təşkilatı kimi bizləri diqqətdə saxlayır və bu imkanı yaradır. Təşkilatımız haqqında onu deyə bilərəm ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin yaranma tarixi 2000-ci illərin əvvələrinə təsadüf edir. Hansı ki, o zamanlar gənclər təşkilatları yeni-yeni yaranır və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün gənclərin bir araya toplaşaraq, ideyalarını reallaşdıracaq bu kimi ictimai qurumlar çox az sayda idi. Təbii ki, regionlarla müqayisədə paytaxtda bu hal bir az ürək açan idi. Bunun üçün Gəncə şəhərində belə bir təşkilatın yaradılmasının zərurəti ortaya çıxmış oldu. Təşkilat təşəbbüs qrupu kimi 5 illik fəaliyyətindən sonra Ədliyyə Nazirliyində 2005-ci ildən qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdikdən sonra fəaliyyətini daha da gücləndirərək 2007-ci ildə “Hər kəs fərqli-Hər kəs bərabər” Avropa Gənclər Kompaniyasının Azərbaycan Respublikasında həyata keçirilməsində yaxından iştirak etdiyinə görə Avropa Şurasının Baş Katibinin ölkəmiz üzrə xüsusi nümayəndəsi və həmin kompaniyanın Azərbaycan Milli Komitəsinin Sədri tərəfindən sertifikatla mükafatlandırılmışdır. Bundan başqa elə həmin il Azərbaycan Respublikası 2 fevral-Azərbaycan Gəncləri gününün təsis edilməsinin 10-cu ildönümü münasibəti ilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə Gənclər və İdman Nazirliyi tərəfindən mükafalandırılmışdır. Bu kimi uğurlardan bir neçəsini sadalamaq olar. Birlik yarandığı gündən gəncləri əsas hədəf qrupu kimi seçmiş və onların maraqlarını özündə əks etdirən fəaliyyətlərə üstünlük vermişdir.
-Hazırda dövətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Gənclərlə işləyən bir təşkilatı olaraq dövlətin gənclər siyasətini, hal-hazırda gənclərə verilən diqqəti, günümüzdə onlara yaradılan şəraiti çox yüksək səviyyədə qiymətləndiririk. Təbii ki, gənclər siyasətini dəyərləndirmək üçün ilk növbədə gənclərin istəklərini, təlabatlarını anlamaq lazımdır. Bu gün dövlətin apardığı gənclər siyasətinin hazırlanmasında şübhəsiz ki, gənclərin təklifləri əsasında hazırlanması, onların təkliflərinin orda yer alması buna çox bariz nümunədir.
Müasir dövrdə informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini bizlərdən tələb edir. Tarixə nəzər salsaq ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Başqa ölkələrin gənclər təşkilatlarının təşkil etdiyi tədbirlərdə dəvət alıb, onların təcrübəsinə bələd olan biri kimi qeyd edə bilərəm ki, əksər ölkələrdə sırf gənclərə istiqamətlənmiş bu qədər imkanlar yoxdur. Bunlara misal olaraq “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər) 2007-2015-ci illərdə Xaricdə Təhsil dövlət proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı kimi dövlət proqramlarını qeyd etmək olar. Təbii ki, bu kimi dövlət proqramlarının qəbul edilməsində əsas məqsəd gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Hansı ki, zamanla bu proses daha da sürətli getməyə başlamış və inanıram ki, tez bir zamanda bunların düşünülmüş nəticələrini görəcəyik.
-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Bu gün çox sevindirici haldır ki, dövlətin uğurla həyata keçirdiyi gənclər siyasəti kursu nəticəsində bir çox gənclər bu diqqət və qayğının nəticəsində öz potensiallarını göstərmək üçün dövlət qurumlarında daha yüksək vəzifələr həvalə olunur. Təqdirə layiq haldır ki, cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Bunun bariz nümunəsi olaraq həm Milli Məclisdə, Nazirliklərdə, həm də yerli özünü idarəetmə orqanlarında gənclərin təmsil olunmasını görmək olar. Həmin gənclərdə təbii ki, dövlətin onlara göstərdiyi etimadı doğruldaraq daha böyük uğurlarda paylarının olmasına səy göstərirlər.
Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmışdır.
-Region gəncləri hansı ictimai-siyasi fəallıq göstəririlər?
- Regionda fəaliyyət göstərən bir təşkilat olaraq region gənclərinin ictimai-siyasi fəallığına çox yaxşı bələd olduğumuzu deyə bilərik. Birlik olaraq ən öndə duran məqsədlərimizdən biri məhz gənclərin asudə vaxtını səmərəli təşkil etməklə onların ictimai fəallığını artırıraq cəmiyyətə inteqrasiya olmalarına dəstək göstərməkdir. Yalnız bunu deyə bilərəm ki, reallıqda region gəncləri siyasi fəaliyyətdən daha çox ictimai fəaliyyətlə məşğul olmağı üstün tuturlar. Bunu onların fəaliyyətlərində və cəmiyyətə verdikləri töhvələrlə təyin etmək olar. Onu demək istəyirəm ki, hal-hazırda şəhərimizdə böyük sürətlə abadlıq-quruculuq işləri davam etdirilir. Bu işlərdə təbii ki, region gəncləri də çox aktiv iştirak edərək bu yolda öz yardımlarını əsirgəmirlər. Günümüzdə bu danılmaz faktdır ki, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilir.
Təbii ki, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunubdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilir. Region gəncləri də beynəlxalq əməkdaşlıq sahəsində təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirirlər. Bir sözlə, Gəncədə gənclər üçün hər cür şərait yaradılıb.
-Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- Ölkə əhalisinin əksəriyyətini təşkil edən gənclərimiz bizim üçün çox dəyərlidirlər. Bizlər gənclər təşkilatları olaraq ölkəmizin nailiyyətlərini daim təbliğ etməli, gənclərin şüuruna, qəlbinə çatdırmağa çalışmalıyıq. Bu gənclər, dövlətimizin dünya birliyinə uğurla inteqrasiyası, Qarabağ kimi böyük problemimizin olduğu, böyük dövlətlərin Azərbaycana olan maraqlarının olduğu bir dövrdə belə təsir onların özlərindən başqa heç kimə zərər gətirməyəcək. O gənclərə təklif edirəm ki, xülyalara qapılıb bu tipli hərəkət etməsinlər. Yaxşı olar ki, dünyada gedən prosesləri dərindən təhlil edib ona uyğun qərar versinlər. Hal-hazırki dövrdə millətimizin gələcəyi olan gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində iş aparmaq əvəzinə onların beyinlərini dövləti parçalamaq kimi ideyalarla dolduran qüvvələr elə birinci addımda onların arxalarından qaçırlar. Bu faktı gənclərimizin diqqət mərkəzində saxlamağını çox istərdim. Bunu bilmək üçün sadəcə ətrafımızda gedən prossesləri diqqətlə izləməyi məsləhət görərdim.
-Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Region təşkilatının rəhbəri kimi onu deyə bilərəm ki, ölkənin gənclər siyasətini şəhər rəhbərliyinin yüksək idarəçilik səriştəliyi nəticəsində uğurla icra olunur. Xüsusilə son illər ərzində Gəncə şəhərində sırf gənclər üçün nəzərdə tutulmuş infrastruktur layihələri bunun bariz nümunəsidir. Gəncə şəhərində velosiped yollarının inşa edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün “Gənclər Evi”-nin inşa edilməsi, həmçinin şəhər rəhbərliyinin qayğısı nəticəsində bir sıra yerli və beynəlxalq miqyaslı görüşlərə ev sahibliyi etməsi dövlətin gənclərə qayğısının təzahürü kimi qeyd etmək olar. Bu gün Azərbaycan Dövləti dəqiq, uzaq görən, konsepsual şəkildə gənclər siyasəti həyata keçirən dünyada mövcud olan nadir ölkələrdən biridir.
- Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
- Təbii ki, Azərbaycan gəncliyi bunu unutmur və özlərinin yüksək intelekti və bacarığı sahəsində yaxşı təhsil alaraq, dil bacarıqlarını inkişaf etdirərək, öz milli dəyərlərimizə sadiq qalaraq vətənpərvər ruhda böyüyərək, ölkəmizin uğurlu inkişafında öz müsbət töhvəsini verirlər. Bu gün Azərbaycan gəncliyi çox uğurlu yol qət edərək dünyanın nüfuzlu qrumlarında təmsil olunaraq Azərbaycanın haqq səsini dünya birliyinə çatdıraraq, Azərbaycanın xarici siyasətinə və diaspora fəaliyyətinə çox əhəmiyyətli dərəcədə dəstək olurlar.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Düşünürəm ki, gənclər üçün durmadan bu qədər imkanların yaradılması və gənclərin bu imkanlardan yararlanması istiqamətində kifayət qədər işlər görülür və davamlı olacağına da əminəm.
-Sizin rəhbəri olduğunuz təşkilat bu və ya digət istiqamətlərdə hansı işlər görür?
- Hazırda birlik olaraq tərəfimizdən həyata keçirilən tədbirlər əsasən gənclərin məşğulluğunu artırmaq və beynəlxalq arenada təmsilçilik siyasətinə yönəlmişdir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi gənclərin cəmiyyətdə iştirak fəaliyyətini artırmaq, əmək qabiliyyətini itirmiş gənclərə özlərini inkişaf etdirməyə dəstək olmaq və işlə təmin olunmaları üçün ehtiyac duyulan bacarıqların öyrədilməsinə yardım etmək, gənclərin intelektual və peşəkar bacarıqlarını inkişaf etdirmək, gəncləri könüllü işlərə cəlb etmək, gənclər hərəkatı vasitəsilə, vətəndaş cəmiyyəti qurmaq, onların ətraf mühit və turizm fəaliyyətində iştirakını təmin etmək və azərbaycanlı gənclər ilə dünya gəncləri arasında əməkdaşlığın yaranmasına şərait yaratmağa səy göstərir. Bu vəzifələri yerinə yetirmək üçün Birlik müntəzəm olaraq, yerli, milli və beynəlxalq səviyyəli seminarlar, konfranslar, görüşlər, təlim kursları/xidmətləri, iş düşərgələri həyata keçirir. Hal – hazırda təşkilatın nəzdində 10 – a yaxın müxtəlif əhəmiyyətli klublar və 5 müxtəlif dil kurslari pulsuz olaraq gənclərin ixtiyarına verilib. Biz hər zaman gənclərin ideyalarını dəstəkləyir və onların reallaşmasında maksimum yardımcı olmağa çalşırıq. Bizim Birlik müntəzəm olaraq Gəncə şəhərində Ali və orta ixtisas məktəblərində gənclərlə müxtəlif görüşlər, konfranslar və düşərgələr həyata keçirir ki, bu da öz növbəsində onların asudə vaxtının səmərəli təşkil olunmasında yardımcı olur, həmçinin bilavasitə məşğulluğunun artırılmasında ən yaxın vasitəçi rolunu daşıyır.