Hakimiyyət kimdir?

Hakimiyyət kimdir?
KÖŞƏ
15:12 06.07.2012
2783

Elnur Kəlbizadə

Naxçıvan Televiziyasının əməkdaşı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

HAKİMİYYƏTDƏ KİMDİR?

Başqanlıq sevdası çəkənlərin sədası var. Oxuduqları Quran olsa...

Bəzən ölkədə demokratik dəyərlərin olmamasından ciddi şəkildə dəm vuranlar, ümummilli lider Heydər Əliyevin, hazırkı prezident İlham Əliyevin və yaxud Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bir neçə dəfə eyni vəzifəyə seçilmələrini əldə bayraq edənlər nədənsə çox zaman özləri haqqında danışmağı unudurlar.

Məsələn, ümummilli lider Heydər Əliyev üst-üstə cəmi 10 il prezident vəzifəsini daşıdığı halda heç kəs demir ki, Müsavatın ”demokratik” başqanı İsa Qəmbər 20 ildir postunu partiyasında heç kəsə güzəştə getmir. AXCP-nin reformist qanadının rəhbəri Əli Kərimli 12 ildir ki, analoji vəzifəni zəbt edib. Bu siyasətçilərin şəxsiyyətini və siyasətlərini təhlil etməkdən uzağam. Görünən bağa nə bəldəçi.

Amma məsələnin görünməyən tərəfləri də var imiş demə. Gözünüz aydın, Müsavatda seçim olacaq! Başqan seçimi! Yeni gələcək baş-xanın qarşısında qoyulan şərt isə yəqin ki, Gürcüstan konfransında “Naxçıvan sirri”-ni açmaqdır.

Naxçıvanlılar Əlincəyə oxşayırlar. Bu mənim şəxsi təəsüratımdır. Onları almaq çətindir. Satılmazlar. Amma “Hakimiyyətdə kimlərdir? Naxçıvanlılar yoxsa...” məqaləsini oxuyanda bir az tərəddüd etdim. Çünki, müəllif Səxavət Əlisoy – Naxçıvanlı olduğunu yazmışdı. Düzdür, yazını oxuyarkən bəzi həqiqətləri etiraf etməyə gücünün çatması və yaxud həqiqətləri inkar etməyə gücünün çatmaması onun bu torpağın nə vaxtsa havasını udub, suyunu içməsinin göstəricisi idi. Yazını yazmasının səbəbi isə “başqanlıq sevdası” yəqin ki.

Adam bir sətir öncə yazdığın iki sətir sonra inkar edib. Gah deyir ki, Naxçıvanda evlər palçıqdandır, gah deyir ki, quruculuq işlərini danmaq olmaz. Bir tərəfdən yazır ki, Naxçıvanda işsizlikdir digər tərəfdən iş yerlərinin açılmasını etiraf edir. Olmadı başqanım. Sizə gələcək marafonlarda opponent lazım deyil ki.

Bir də yeni başqan Naxçıvanda əhalinin sayının azalmasından narahatdır. Həzarat, siz 90-cı illərin statistikasında ilişib qalmısınız, başqanlarınız 90-cı illərdəki postlarında ilişib qaldıqları kimi. Əhalinin mərkəzə meyillənməsinə gəlincə bu kapitalizmə keçid edən ölkələrin əksəriyyəti üçün xarakterik olan amildir. Regionların inkişafına dair qəbul edilən dövlət proqramları isə məhz o məqsədə xidmət edir ki, ölkə iqtisadiyyatı təkmərkəzli deyil, çoxmərkəzli olsun.

Bu səbəblərdən Naxçıvanlıları “didərgin” statusunda təqdim etməyiniz əbəsdir. Bunu heç onların özləri də qəbul etməzlər. Əmir Teymurun, Tayqulaq Andranikin didərgin adını üzərinə qoya bilmədiyi bir topluma bu adı yaraşdırmağınız belə etik deyil.

Hakimiyyətdə kimin olmasına gəlincə. “Naxçıvanlılar” anlayışı yanlışdır. Gəncə, Qazax, Tovuz Lənkəran, Astara, Cəlilabad, Göyçə, İrəvan, Quba, Qusar əsilli azərbaycanlılar hakimiyyətin müxtəlif qollarında təmsil olunduqları kimi Ordubad, Şərur, Culfa, Şahbuz, Sədərək, Kəngərli rayonlarından olan azərbaycanlılar da təmsil olunurlar. Belədə “Naxçıvanlılar” anlayışı əslində 8 inzibati şəhər və rayonu əhatə edən muxtar respublika anlayışına görə səslənmiş olur. Bu isə sadəcə və sadəcə çoxluq təəsüratı yaradır.

Hakimiyyətdə kimdir soruşur Səxavət Əlisoy? Hakimiyyətdə xalqın seçdikləridir, xalqın təkidli tələbi ilə başqanlarınızın dəvət etdikləridir, hakimiyətdə təmiz qanlı, vətənini sevən, xalqına xidmət edən, dəstəbazlıq edib dərələrdə silahlı dəstə yaratmayan azərbaycanlılardır. Hakimiyyətdə Xalqdır!

OXŞAR XƏBƏRLƏR