Haluk Levent niyə saxlanıldı? – istintaqın detalları

Haluk Levent niyə saxlanıldı? – istintaqın detalları
DÜNYA
10:36 13.07.2026
369
Türkiyədə "Ahbap Dərnəyi”mdə maliyyə pozuntularına yol verildiyi iddiaları ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində dərnəyin sədri, tanınmış müğənni Haluk Levent və bir sıra rəhbər şəxslər saxlanılıb.

Məlumata əsasən, Haluk Levent Almaniyaya getmək üçün hava limanına yollansa da, barəsində ölkədən çıxış qadağasının tətbiq olunduğunu öyrəndikdən sonra geri qayıdıb. Daha sonra onun İzmir istiqamətində hərəkət etdiyi, Bursa vilayətində avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq tədbirlərinin aparılması üçün İstanbula aparıldığı bildirilir.

Eyni istintaq çərçivəsində "Ahbap Dərnəyi”nin baş ofisində axtarış aparılıb, 18 əməkdaş saxlanılıb. Bundan başqa, Haluk Leventin hüquq məsləhətçisi, vəkil Ece Güner barəsində də saxlanılma qərarı verildiyi açıqlanıb.

İstanbul Baş Prokurorluğu iyulun 12-də yaydığı məlumatda bildirib ki, "Ahbap Dərnəyi” adından toplanan ianələrin bir hissəsinin bəzi şübhəlilərin hesablarına iri məbləğlərdə köçürüldüyünə dair iddialar əsasında araşdırma aparılır. Bildirilir ki, zəlzələdən sonra toplanan vəsaitlərin xaricə çıxarıldığı və təyinatı üzrə istifadə edilmədiyi barədə iddiaların artmasından sonra istintaqın əhatə dairəsi genişləndirilib.

İddialara görə, Haluk Levent 2020–2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi məbləğində mərc oyunlarında iştirak edib və 390 milyon türk lirəsi itirib. Həmçinin "Ahbap Dərnəyi”nin hesabından onun köməkçisi Yeliz Kayanın hesabına 120 milyon türk lirəsi köçürüldüyü iddia olunur.

Şahanə
OXŞAR XƏBƏRLƏR