Müəllif: Ələmdar Cabbarlı
Knyaz Aslanın 60 illik yubileyinə
...Hələ çaylar eşitməyib səsimi, Hələ dağlar xəbərsizdi sözümdən –Knyaz
Aslan bu misraları qələmə alanda cəmi 18 yaşı var idi. Yaş 18 olsa da
düşüncə, təfəkkür çox qədim idi – ulu Borçalımızın şairə görə hələ onun
sözündən xəbərsiz olan əzəmətli dağları, nəğməli çayları kimi. Əslində isə
dağlar, çaylar – bütünlüklə təbiət onun şairliyindən, sözündən çoxdan xəbərdar
idi. Çünki bu istedadı, bu ilhamı elə bu əzəmətli təbiət vermişdi Knyaz Aslana.
Dağlar da, daşlar da, quşqonmaz qayalar da onun həssas ürəyini hamıdan tez
duymuşdu və ilhamı, istedadı kimə vermək lazım olduğunu yaxşı bilirdi. Çörəyi
ver çörəkçiyə – deyib babalarımız. Yaşı bilinməyən folklorumuzda,
mifilogiyamızda dağ obrazı bir kult təşkil edir, bu obrazın mifoloji
atributları mövcuddur. Türk mifologiyasında insanın dağdan yaranması, dağın
uşaq doğması kimi dünyagörüşlər əksini tapıb. Necə ki, Koroğlu onu yaradan
qüvvənin dağlar olduğunu deyirdi, necə ki, Knyaz Aslanın özünə ustad bildiyi
Səməd Vurğun ilhamını dağlardan aldığını bəyan edirdi. Eləcə də Knyaz Aslan da
poeziyaya dağ havasından, dağ ruhundan gəldiyini ifadə edir:
Dağlar obamdı mənim,
Qoynu yuvamdı mənim!
A qayalar, a daşlar,
A yamaclar, a qaşlar,
Dağlar babamdı mənim!..
Dağlar babamdı mənim!..
Əslində
doğulduğu, böyüdüyü təbiətin şairin yaradıcılığına təsiri şəksiz və eyni
zamanda qanunauyğundur. Bu mənada ilhamını dağlardan alan, şeirə, sözə dağ
ruhundan gələn Knyaz Aslanın dağlara üz tutması, dağları vəsf etməsi təbiidir.
Amma Knyaz Aslanın təbiətə vurğunluğu o qədər müqəddəs, o qədər qutsaldır ki, o
digər mövzularda yazdığı şeirlərdə də təbiətin təəssübünü çəkir, onun
gözəlliklərinin məhv edilməsi ilə barışa bilmir. Şairin bombardman edilmiş ölkə
haqqında sənədli filmə baxdıqdan sonra qələmə aldığı misralar bu mənada
xarakterikdir. Şeirdə dağıdılmış, talan edilmiş ölkədə yarımçıq qalan insan
ömrü, məhv edilmiş insan taleyi ilə yanaşı məhv olmuş təbiət də şairin ürəyini
ağrıdır. Mənə elə gəlir, aşağıdakı misralar təkcə Knyaz Aslan yaradıcılığında
deyil, bütövlükdə ədəbiyyatımızda təbiətə həssas münasibətin ən yaxşı
örnəklərindən biridir:
Mat qalıb dünyanın min bir sirrinə,
Elə bil sükutla barışıb daha.
"Ulduz şüası”nın düşüb sehrinə,
Əriyib sellərə qarışıb daha,
Hayıf, zirvələrin qarına hayıf!..
Knyaz Aslan təbiət mövzusundakı şeirlərini sanki təkbaşına yazmır, dağlarla,
dərələrlə, xan çinarlarla, gur bulaqlarla yoldaş, sirdaş olaraq birgə yazır.
Bunu onun misralarından sezməmək mümkün deyil:
Salam, a Xan Çinar!..
Salam, Gur Bulaq!..
Salam, köhnə dostlar!..
Bir baxın bəri!..
Gəlmişəm üçümüz
Üç yoldaş olaq...
***
Knyaz Aslanın şeirlərində doğulduğu təbətin havası, ruhu ilə yanaşı mənsub olduğu
xalqın ruhu, adət-ənənələri, gələnəkləri də öz əksini tapır. Bu şeirlərdə bizim
bir xalq olaraq, bir etnos olaraq keçdiyimiz ömür yolu, yaşadığımız həyat
tərzi, günümüz-güzaranımız var. Onun poeziyasında folklor süjetləri, folklor
motivləri yenidən və orijinallıqla qarşımıza çıxır. Eyni zamanda xalq dilini
dərindən bilməsi, unudulmuş, unudulmaqda olan xalq ifadələrinin poeziyaya
gətirilməsi baxımından da Knyaz Aslan yaradıcılığı diqqəti cəlb edir. Aşağıdakı
misralar həm xalqımızın həyat tərzinin əks etdirilməsi, həm də xalq dilində,
xalq ruhunda olan ifadələrin ədəbiyyata gətirilməsi baxımından çox maraqlıdır:
...Qaş qarala, mal örüşdən dağıla,
Qız gəlinlər boz arxaca yığıla,
Qaşqa inək şırhaşırla sağıla,
Gümüş sərnic dümağ südlə tez dola...
Yaşıl yarpız doğram-doğram doğrana,
Ayran qıza, mis qazanda buğlana,
Hamı yeyə, "ləzzət” – deyə dovğaya,
Bir cam yenə istəməyə üz ola...
Şair bu lirik parçada xalqın həyat tərzini, məişətini ustalıqla əks etdirir,
burada xalqımıza, güzəranımza aid olan tipik lövhələr bir-birini əvəz eləyir.
Sanki bu lirik parça çağdaşımız olan bir şairin misraları deyil,
dastanlarımızın, eposlarımızın bir hissəsidir. "O zaman ki, şair öz
zəkasının bütün gücü, ehtirası və əqidəsi ilə xalq həyatının lövhələrini çəkir
– bu, eposdur”(Səməd Vurğun). Şeirin sonrakı misraları həqiqətən də bizi
keçmişimizə – folklorumuzun, mifologiyamızın dərin qatlarına, dastanlarımıza aparır:
Bağda nənə taxtda qura bardaşı,
Nəvələri əyləşələr yanaşı,
Bir cırtdandan, bir Fatmadan danışa,
Nağılları çözələyən söz ola...
...Gah Qəribdən, gah Kərəmdən söz düşə,
Ötən günlər pərdə-pərdə ötüşə...
Ötən günlər oğrun-oğrun öpüşə,
Könüllərdə məhəbbətdən köz ola...
Bu misralar mövzusu, obrazlar aləmi baxımından ədəbiyyatımızda önəmli yer
tutmuş, xalqımızın gələnəklərini, gün-güzəranını özündə əks etdirən bir sıra
məşhur əsərləri, o cümlədən Osman Sarıvəllinin "Gətir, oğlum, gətir”,
Şəhriyarın "Heydərbabaya salam” əsərlərini xatırlatsa da, mövzu və
obrazlar sistemi baxımından həmin əsərlərin davamı olsa da, qətiyyən həmin
əsərləri təkrar etmir, müəllifin mövzuya orijinal yanaşması kimi qarşımıza
çıxır. Şeirin son misrası isə xalq həyatını əks etdirməklə yanaşı, bir poeziya
nümunəsi kimi sözlərin, səslərin bir-birini izləməsi, bir-biri ilə səsləşməsi
baxımından da bir bədii fakt olaraq diqqəti cəlb edir. Bəndin qafiyə sistemi,
harmoniyası, sözlərin, səslərin bir-birinə uyumluğu, xüsusilə "ş” səsinin
bənd boyu səsləşməsi şeirə gözəllik və əlvanlıq gətirir:
İlyas kişi şirni qata şənliyə,
Eşidənlər şirin-şirin dinləyə...
...Səhərisi səs yayıla şenliyə,
Knyaz Aslan yüz danışa, az ola!..
Ümumiyyətlə, Knyaz Aslanın şeirləri mövzu dairəsi və obrazlar sistemi ilə
yanaşı forma və janr rəngarəngliyi, qafiyə quruluşu, eyni zamanda bədii təsvir
və bədii ifadə vasitələrinin zənginliyi ilə də diqqəti cəlb edir. Bütün bunlar
onun əsərlərinə emosionallıq gətirir, obrazlarını daha canlı edir. Knyaz Aslan
poeziyasında rəngarəng, orijinal və obrazlılıqla bilavasitə bağlı olan
metaforaların cərgəsi genişdir. Aşağıdakı parça bu baxımdan şairin fərdiliyini
üzə çıxarır:
Sərin meh kəhərlə keçdi çəməndən,
Çiçəklər nazlanıb yırğalandılar.
Baxıb torpaqdakı su güzgüsünə,
Gümüş damcılarla sırğalandılar.
Bu parçada çiçəklərin nazlanıb yırğlanması, torpaqdakı su güzgüsünə baxıb gümüş
damcılarla sırğalanması kimi metaforalar sıradan bir fakt kimi də izah oluna
bilər. Amma sərin mehin çəməndən kəhərlə keçməsi Knyaz Aslan tərəfindən
yaradılmış mükəmməl metaforadır və nə yaxşı ki, onun poeziyasında bu kimi
nümunələr çoxdur. Bütün bunlar isə onun poeziyasını daha təsirli və yadda qalan
edir. "Sənət tarixində bir-biri ilə daxili əlaqəsi olmayan hadisə və
predmetlərin "uyuşmasından” yaranan obrazların bədii təsir qüvvəsi
gözlənilməz və dərin olur”(Şirindil Alışanlı).
Knyaz Aslanın obraz yaradıcılığında diqqət çəkən daha bir məqam isə onun obrazı
məhz özü kimi – öz dilində, öz ruhunda danışdırmaq qabiliyyətidir. Bu, obraz
yaradıcılığında çox mühüm amildir. Vaxtilə Səməd Vurğun yazırdı ki, adi bir
insanı alim kimi, filosof kimi danışdırmaq real vəziyyəti təhrif etməkdir və bu
da nəticədə çox gülünc alınır. Obrazı özü kimi ifadə etməyin, danışdırmağın elə
ən yaxşı örnəklərini də biz Səməd Vurğunun əsərlərində görürük. Şair
"Komsomol” poemasında aşıq Vəlinin dediyi sözləri məhz aşıq obrazına uyğun
şəkildə – gəraylı formasında verir. Və bununla bir daha ifadə edir ki, hansı
janrda yazılmış əsər olursa olsun obrazı məhz özü kimi danışdırmaq vacib
şərtdir:
Aldı sinəsinə sazını Vəli
Simlərin üstündə gəzdikcə əli,
Görək nə dedi:
Ay ağalar, ay paşalar,
Dərd başımdan aşdı yenə.
Açıldı Tanrının gözü,
Sellər, sular daşdı yenə...
Knyaz Aslanın poeziyası da qeyd etdiyimiz kimi bu mənada təqdir edilməldir. O
da məhz obrazı öz dilində danışdırmağın ustasıdır. Şairin 80-ci illərin
sonlarında Bakıda qarşılaşdığı göyçəli qocaya həsr etdiyi "Göyçə qocasının
türksü” şeiri bu mənada çox xarakterikdir. Qarlı-çovğunlu bir qış günündə
küçədə qarşılaşdığı göyçəli qocadan onun əhvalını elə onun öz ruhunda və öz
dilində soruşur Knyaz Aslan:
Niyə dərdlisən, – soruşdum,
Dinmədi Göyçə qocası.
Qəmdən od tutub alışdı,
Sönmədi Göyçə qocası.
Şairə görə, əslində Ələsgər yurdundan, saz-söz məbədgahından olan göyçəli qoca
ona dərhal cavab verməli idi – özü də saz götürüb, söz atına minərək. Amma
üzləşdiyi dərdlər, çəkdiyi ağrılar ona bu fürsəti, bu imkanı vermir, o, hələ də
öz xəyallar aləmində, Göyçəli günlərindədir:
...Keçənlər düşdü yadına,
Ağı qoşdu öz adına.
Saz götürüb söz atına
Minmədi Göyçə qocası.
Amma dərd adamı əvvəl-axır danışdırır, dərdli adam əvvəl-axır dərdini dərdbilənə
söyləyir və bununla sanki bir təsəlli də tapır. Necə ki, Knyaz Aslanın
"Göycə qocası” bu söhbətin axarında danışır. Həm də necə danışır:
dastanlarımızda, nağıllarımızda dərdli aşıqların, qəmli aşiqlərin danışdığı
kimi:
...Qəm sazının zilini zil,
Bəmini də bəm eylədi.
Sonra kövrələ-kövrələ
Aldı görək nə söylədi.
Göründüyü kimi, şair obrazı öz ruhunda, öz dilində – xalqdan, folklorumuzdan,
dastanlarımızdan gələn "aldı görək nə söylədi” intonasiyasında danışdırır.
Bu isə onun danışdıqlarını daha səmimi, daha təbii və inandırıcı edir. Göyçə
qocası öz dərdini pafosla, filosof cümlələri ilə deyil, xalq dilində, Göyçənin
aşıq ruhunda və eləcə də Göyçənin şirin ləhcəsində ifadə edir. Bu təqdimat isə
mövzunun bədii həlli baxımından çox uğurlu alınır. Göyçə qocası aldı görək nə
söylədi:
Göyçənin göy çəmənindən
Keçəmmirəm, aağrın alım...
Çeşməsindən yaş süzülür,
İşəmmirəm, aağrın alım...
Bu misralar Göyçəsizliyin qoca üçün ağır bir dərd, ağır bir yük olduğunu tünd
boyalarla ifadə edir. Qocanın dilindən verilən aşağıdakı misralar isə sanki
Knyaz Aslanın qələmindən çıxan şeir parçası deyil, folklorumuzun dərin
qatlarından gələn, dədələrimizin-nənələrimizin elin dar günündə bədahətən
dedikləri bayatı, çəkdikləri hay-haraydı:
O gəmi köç gəmisidi,
Sinəmdə yad qəməsidi.
Bu zəmi qan zəmisidi,
Biçəmmirəm, aağrın alım...
***
Knyaz Aslanın məhəbbət lirikası da özünün poetik tutumu, məna yükü ilə seçilir.
Onun məhəbbət şeirləri yalnız bir insanın digərinə duyğularının əksi ilə
kifayətlənmir. Bu şeirlər də folklora, milli ədəbiyyatımızın ənənələrinə
bağlılığı ilə seçilir ki, məhəbbət lirikasında biz bununla heç də tez-tez
qarşılaşmırıq. Bu, Knyaz Aslanın məhəbbət lirikasının xarakterik cəhətlərindən
biridir. Onun məhəbbət şeirlərinin baş obrazı, lirik məni folklorumuzdan,
dastanlarımızdan boylanan bir obrazdır:
Yaxşı sənsən, Sarı mənəm,
Həsrətindən sarı, mənəm.
Gəl, könlümü sarı, mənəm,
Yandırmasın bu dağ məni.
Knyaz Aslanın məhəbbət mövzusunda yazdığı şeirlərdə yalnız obrazın gözəllliyi
vəsf edilmir, eyni zamanda bu nümunələrdə obrazın xarakterik cizgiləri, milli
kimliyi də öz əksini tapır:
Yeriyəndə sona kimi sallanar,
Danışanda dodaqları ballanar.
"Bu qızın” rədifli lirik şeirin yuxarıdakı ilk iki misrası yeriyəndə sona
kimi sallanan, danışanda dodaqları ballanan gözəlin zahiri gözəlliyini ifadə
edirsə, sonrakı misralar onun milli kimliyindən gələn xarakterini,
abır-həyasını, daxili gözəlliyini əks etdirir:
Söz soruşsan yanaqları allanar,
Nələr keçər ürəyindən bu qızın!..
Artıq oxucuda heç bir şübhə yeri qalmır ki, söz soruşsan yanaqları allanan bu qız
öz abır-həyası, isməti ilə dünyaya nümunə olan Azərbaycan xalqına mənsubdur.
Bu, olduqca incə bir məqamdır və bu misra həmin şeirin nüvəsini təşkil edir.
Şairin məhəbbət mövzusunda yazdığı şeirlərinin xarakterik cəhətlərindən biri
isə bu nümunələrin həm bədii sənətkarlıq, həm də fikrin məna yükü baxımından
diqqəti cəlb etməsidir. Bu şeirlərdə yüksək bədii sənətkarlıqla yanaşı xalq
hikməti, xalq müdrikliyi, milli adət-ənənələrimiz də öz əksini geniş şəkildə və
incəliklərlə tapır ki, məhəbət lirikasında bütün bunların bir arada olması
əslində nadir hallarda rast gəlinən hadisədir:
Həsrətimiz bir ocaqda qalandı,
Külə döndü, küləklərdə talandı...
Bu parçada yüksək bədii sənətkarlıq, obrazlılıq var. Ocaqlarda qalanan
sevginin, həsrətin külünün küləklər tərəfindən talanması orijinal bir
bənzətmədir. Eyni zamanda burada səslərin, sözlərin bir-birini izləməsi,
bir-biri ilə səsləşməsi də cazibədardır: Külə döndü, küləklərdə talandı...
Bəndin digər iki misrasında isə biz sənətkarlıqla yanaşı xalq hikmətini,
"könül sevən göyçək olar” – deyən xalq müdrikliyini görürürük ki, bütün
bunların bir arada, məhəbbət lirikasında yer almasının özü bir orijinallıqdır:
Sevgi varsa, yüz ayrılıq yalandı, -
Elin sözü qənddi, baldı, qadası!..
...Bir söz deyim, nə küs məndən, nə inci:
"Könül sevən...” – düz misaldı, qadası!..
Sonrakı misralarda isə el adət-ənənəsinin daha bir məqamı ilə qarşılaşırıq.
Xüsusilə, indiki məqamda – kürəsəlləşmənin heç də həmişə müsbət təzahürləri ilə
qarşımıza çıxmadığı bir şəraitdə – yeni texnologiyalar kimi yad adət-ənənələrə meyil
edən gənclərin ailə həyatına böyüklərin xeyir-duasını almadan başladığı,
ənənəmizə görə qohum-qardaşın müəyyən etdiyi ağsaqqalları elçi göndərmədən,
"elçiliyi xəlvət özlərinin etdiyi” bir dövrdə bu misralar çox gərəklidir:
Qohum-qardaş əncam çəkir bir işə:
Bizdən sizə elçiliyə kim düşə?!
Bəndin son iki misrası isə xalqımızın milli yaddaşının, təbiətimizin, məhəbbət
lirikamızın Qurbanidən üzü bəri gələn obrazlar aləminin və intonasiya tərzinin
və nəhayət bütün bunları özündə əks etdirən yüksək bədii sənətkarlığın təzahürü
kimi qarşımıza çıxır:
Sinəm üstə boyun bükən bənövşə
Toy gününə bir sualdı, qadası!..
Mənə elə gəlir, əsl məhəbbət şeiri elə bu cür də yazılmalıdır: həm yüksək bədii
sənətkarlıqla, həm orijinal metaforalarla, həm də milli ədəbiyyatımızın, milli
adət-ənənlərimizin, gələnəklərimizin – bir sözlə xalqımızın ruhuna uyğun
şəkildə.
***
18 yaşında Hələ çaylar eşitməyib
səsimi, Hələ dağlar xəbərsizdi sözümdən – deyən Knyaz Aslanın 60 yaşı tamam olur.
Özü də tariximizə qızıl hərflərlə yazılan günlərdə. Müzəffər Ali Baş
Komandanımızın sərkərdəliyi ilə Müzəffər Ordumuzun xalqımıza Qarabağ Zəfərini yaşatdığı
bir ildə. Əziz Knyaz Aslan, Zəfərimiz də,
60 illik yubileyin də mübarək olsun. Və ondan da əmin ol ki, Artıq Knyaz Aslan
poezyasının uca səsini çaylar da eşidib, dağlar da xəbərdardır. Eyni zamanda təkcə
çaylar, dağlar deyil, vəsf etdiyin, şəninə nəğmələr qoşduğun Bakılı, Borçalılı,
Göyçəli, Təbrizli, Naxçıvanlı, Qarabağlı böyuk Azərbaycanın, qüdrətli
Azərbaycanın hər bir guşəsi, hər bir
eli-obası bu səsdən, bu sözdən xəbərdardır – xəbərin olsun!