“Artıq 48 il səhnədəyəmsə, sənətimə tələbat və mənim özümə istək varsa, bunun özü çox böyük əhəmiyyət kəsb edir. Belə bir xalqın sevgisi məni sövq edir ki, xalqın qarşısında xidmət edim. Bu cür nailiyyətlər xalqımızın, dövlətimizin, ölkəmizin mükafatıdır. Və mənim bir arzum var: çox yaşayım! Niyə? Tükəzban xanımla, Həbib müəllimin ruhunu yaşadım. Mən onların övladıyam. Çox yaşamaq istəyim də odur ki, valideynlərimin ruhunu yaşadım. Və onların ruhu şad olsun ki, onlardan sonra sənətimizə ancaq iftixar, hörmət və ehtiram gətirirəm. Bunun üçün kimə minnətdaram? Yalnız xalqıma. Xalqımız zərgərlik dəqiqliyi ilə sənətimə qiymət verir. Bu cür qiyməti hər adama da vermirlər”, - deyə, İ.Quliyeva bildirib.
İ.Quliyeva təsadüfi uğur qazanan şəxslərə də ismarıc göndərib. O, uğuru qazanmağın asan, amma onu qoruyub saxlamağın çətin olduğunu söyləyib:
“Görürsən ki, biri əlində qılınc ortaya çıxır. Qılıncı oynadır. Amma qılınc əlindən yerə düşür. Bilirsiniz, təsadüfi uğuru qazanmaq olar. Amma onu əldə saxlamaq olmaz. Bu uğuru başımın tacı kimi gəzdirmək mənə qismət olub”, - deyə, müğənni öyünüb.
Xalq artisti xüsusilə vurğulayıb ki, özünü böyük siyasətçi, ictimai xadim hesab edir. O, sənətinin böyük siyasət olduğunu və buna şübhə ilə yanaşanlara sözünü çatdırdı:
“Bu gün bəzilər deyərlər ki, İlhamənin nə siyasəti var?! Mən böyük siyasətçiyəm. Niyə? Mənim sənətim özü böyük siyasətdir. Bu siyasəti 48 ildir ki, yaşayıram. Hər hansı ölkədə oluramsa, öz sənətimlə siyasət yeridirəm. Dünyada yaşayan insanlara, xalqlara başa salıram ki, mən hansı ölkənin nümayəndəsiyəm və vətəndaşıyam. Sənətimlə dövlətimizin bayrağını yüksəkliklərə qaldırıramsa, demək mən çox böyük siyasətçiyəm”, - müğənni söyləyib.