Hava şəraiti qiymətlərə necə təsir etdi?

Hava şəraiti qiymətlərə necə təsir etdi?
SOSİAL
22:40 22.06.2026
220
Kənd təsərrüfatı sektorunda məhsuldarlıq həm fermerlərin gəlirlərinə, həm də istehlakçıların ödədiyi qiymətlərə birbaşa təsir göstərən əsas amillərdən biridir. İlin əvvəlindən etibarən müşahidə olunan hava şəraiti, yağıntıların səviyyəsi və digər iqlim faktorları bu mövsüm məhsul istehsalı ilə bağlı gözləntiləri gündəmə gətirib. Bəs mövcud şərait fonunda bu il məhsuldarlıq necədir? Fermerlər bol məhsul əldə edə biliblərmi, yoxsa hava amilləri istehsala mənfi təsir göstərib? 

Mövzu ilə bağlı aqrar Ekspert Allahverdi Mustafayev Demokrat.az-a bildirib ki, bu il əlverişsiz hava şəraiti ilə əlaqədar çoxsaylı proqnozlar verilirdi:

"Bildirilirdi ki, məhsuldarlıq aşağı olacaq, qiymətlər artacaq və bahalaşma daha da dərinləşəcək. Lakin, şükürlər olsun ki, hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, respublika üzrə bazara çıxarıla biləcək və əhalinin tələbatını ödəyəcək məhsuldarlığı qənaətbəxş hesab etmək olar.

Düzdür, müəyyən kəndlərdə və ya ayrı-ayrı rayonlarda hava şəraitinin təsiri hiss oluna bilər. Ancaq ümumilikdə Azərbaycan bazarında məhsul həcmlərinin əvvəlki illərdə olduğu kimi normal səviyyədə olacağı gözlənilir və ciddi təhlükə müşahidə edilmir.

Qiymətlər məsələsinə gəldikdə isə, adətən bolluq artdıqca qiymətlər aşağı düşür. Lakin ümumi tendensiya göstərir ki, məhsulun kifayət qədər olmasına baxmayaraq, qiymətlərin əvvəlki səviyyəyə qayıtması real görünmür. Bunun əsas səbəblərindən biri manatın əvvəlki alıcılıq gücünü itirməsidir. Digər tərəfdən, əməkhaqlarının artması və iqtisadiyyatda pul kütləsinin çoxalması da qiymətlərə təsir göstərən amillərdəndir. Alıcılıq imkanları artdıqca bazarda tələb yüksəlir və bu da müəyyən bahalaşmaya səbəb olur. Əlbəttə, bunun aşağı gəlirli təbəqəyə təsiri ola bilər. Ancaq məhsul bolluğunun normal olacağı gözlənilir.

Yəni bu il məhsul qıtlığı səbəbindən ciddi qiymət artımının baş verəcəyini gözləmək doğru olmaz. Mənim fikrimcə, əsas məsələ məhsul çatışmazlığı deyil, iqtisadi amillərin qiymətlərə təsiridir", - deyə o qeyd edib.

Beləliklə, qeyri-əlverişli iqlim şəraitinin yaratdığı risklərə baxmayaraq, aqrar sektorda kütləvi məhsul qıtlığının yaşanmayacağı və daxili bazarın tələbatının tam təmin ediləcəyi proqnozlaşdırılır. Lakin məhsul bolluğunun artması istehlak qiymətlərinin kəskin ucuzlaşmasına gətirib çıxarmayacaq, çünki ümumi inflyasiya xərcləri, iqtisadiyyatdakı pul kütləsinin artımı və tələb amili bazarda qiymətlərin yüksək səviyyədə qalmasını şərtləndirir.
OXŞAR XƏBƏRLƏR