Həkimdən gün eynəyi xəbərdarlığı: Ucuz modellər gözlərinizə zərər vura bilər

Həkimdən gün eynəyi xəbərdarlığı: Ucuz modellər gözlərinizə zərər vura bilər
SOSİAL
23:13 01.07.2026
346
Yay mövsümündə gün eynəyindən istifadə edənlərin sayı artsa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, hər tünd şüşəli eynək gözləri Günəşin zərərli şüalarından qorumur. Əksinə, keyfiyyətsiz gün eynəkləri görmə qabiliyyəti üçün ciddi risk yarada bilər.

Oftalmoloq Aleksey Kazban bildirib ki, ultrabənövşəyi (UV) filtrə malik olmayan tünd şüşəli eynəklər göz bəbəyinin genişlənməsinə səbəb olur. Nəticədə Günəşin zərərli ultrabənövşəyi şüaları maneəsiz şəkildə tor qişaya və göz bülluruna çatır.

Həkimin sözlərinə görə, belə hallarda gözlər ümumiyyətlə eynəksiz qalmaqdan daha çox zərər görə bilər:

"Çünki parlaq işıqda göz bəbəyi təbii olaraq kiçilir və bu da müəyyən dərəcədə qoruyucu rol oynayır. Eynəyin üzərində "UV400" işarəsinin olması da hər zaman onun keyfiyyətli olduğu anlamına gəlmir. Onun sözlərinə görə, xüsusilə sertifikatsız satış məntəqələrində satılan məhsulların üzərindəki bu cür qeydlər bəzən yalnız reklam xarakteri daşıyır və laboratoriya yoxlamaları ilə təsdiqlənmir.

Şüşələrin rəngi də qoruma səviyyəsini müəyyən etmir. Gözləri ultrabənövşəyi şüalardan qoruyan əsas amil xüsusi UV filtr örtüyüdür. Rəng baxımından isə boz və qəhvəyi şüşələr daha məqsədəuyğun hesab olunur, çünki onlar ətraf mühitin rənglərini daha təbii göstərir".

Mütəxəssis keyfiyyətli gün eynəyi almaq istəyənlərə yalnız ixtisaslaşmış optika mağazalarına və rəsmi satış nöqtələrinə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, belə məntəqələrdə məhsulun sertifikatı və texniki sənədləri təqdim olunur ki, bu da eynəyin həqiqətən gözləri zərərli ultrabənövşəyi şüalardan qoruduğuna əmin olmağa imkan verir.

/Baku.ws
OXŞAR XƏBƏRLƏR