"Azərbaycan hazırda həm şimalında, həm də cənubunda gərginliyin yaşandığı nadir ölkələrdən biridir. İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də İran-İsrail-ABŞ arasında artan qarşıdurma regionumuzun ətrafında baş verir. Azərbaycan isə sabitlik adasıdır".
Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli AZXEBER.COM-un rəsmi "tiktok" səhifəsində yayımlanan "Gündəm müzakirəsi" verilişində deyib.
O qeyd edib ki, Azərbaycan güvənilir tranzit ölkəsidir:
"Azərbaycan mövcud şəraitdə ən etibarlı tranzit və logistika dəhlizlərindən biri kimi çıxış edir. Hazırda bir çox beynəlxalq uçuş marşrutları təhlükəsizlik və sabitlik baxımından Azərbaycan üzərindən həyata keçirilir. XXI əsrdə bu qədər geosiyasi çaxnaşmaların yaşandığı bir dövrdə Azərbaycan sabitliyini və təhlükəsizliyini qoruyaraq regionda öz mövqeyini möhkəmləndirə bilib".
O eyni zamanda qeyd edib ki, İrandan sonra növbəti hədəf Türkiyə ola bilməz:
"Türkiyəyə qarşı hər hansı real təhdidin mövcud olduğunu düşünmürəm. Türkiyə ordusu hazırda dünyanın ən güclü ordularından biri hesab olunur. Türkiyənin hərbi potensialı və NATO üzvlüyü onun təhlükəsizlik arxitekturasında mühüm təminat rolunu oynayır. Bu baxımdan Türkiyənin hədəf seçilməsi ilə bağlı səsləndirilən fikirlər daha çox fərziyyə xarakteri daşıyır və ciddi əsaslara söykənmir".
Canlı yayımdan həmin çıxışı təqdim edirik:










































