“Həmin qurumların maliyyə mənbələri cəmiyyətə açıq şəkildə bəlli olacaq” - Hacıbəy Heydərli

“Həmin qurumların maliyyə mənbələri cəmiyyətə açıq şəkildə bəlli olacaq” - Hacıbəy Heydərli
ÖZƏL
17:38 10.07.2025
385

Azərbaycanda xarici media qurumlarının fəaliyyəti yeni qaydalarla tənzimlənir. Ölkədə fəaliyyət göstərmək istəyən xarici media nümayəndələrinin Media Reyestrində qeydiyyatdan keçməsi məcburidir. Bu, onların hüquqi əsasla fəaliyyət göstərməsi üçün zəruri şərt kimi müəyyən olunub.

Rəsmi qurumlar bu addımı informasiya təhlükəsizliyi, şəffaflıq və qanunvericiliyə uyğunluğun təmin olunması ilə əsaslandırır. Bildirilir ki, məqsəd söz azadlığını məhdudlaşdırmaq deyil, qeyri-qanuni və qeyri-şəffaf fəaliyyətlərin qarşısını almaqdır.

Bəs bu dəyişikliklər informasiya mühitinə və media azadlığına necə təsir edəcək?

Media Reyestrində qeydiyyatın məcburiliyi xarici media qurumlarının fəaliyyətinə hansı çərçivələr gətirir?

Bu suallara Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Gununsesi.info–ya verdiyi açıqlamada münasibət bildirib.

O hesab edir ki, "Media haqqında” qanuna edilən son dəyişikliklər media sektorunun şəffaflaşması istiqamətində atılmış növbəti addımdır:

"Çünki bir çox hallarda xarici media subyektlərinin ölkəmizdə qanunvericiliyə uyğun fəaliyyət göstərmədiyinin şahidi olurduq. Eyni zamanda, onların maliyyə şəffaflığı ilə bağlı müəyyən suallar yaranırdı. Bu da informasiya mühitinə və təhlükəsizliyinə mənfi təsir göstərirdi.

Ümumilikdə bu dəyişikliklər media subyektlərinin vahid qanunvericilik çərçivəsində və eyni prinsiplərlə fəaliyyət göstərməsinə şərait yaradacaq. Xarici media qurumları da yerli subyektlərlə eyni hüquqlara malik olacaq, xəbərlərin yayımı və istehsalı ilə məşğul ola biləcəklər.

Bu addımı media azadlığının məhdudlaşdırılması kimi qiymətləndirmək düzgün deyil. Hazırda Azərbaycanda yüzlərlə media qurumu "Media haqqında” qanunun tələblərinə uyğun şəkildə fəaliyyət göstərir və istədikləri məlumatı sərbəst şəkildə yayımlayırlar.

Xarici media subyektləri də eyni şəkildə – jurnalistikanın prinsiplərinə, etik qaydalara və mövcud qanunvericiliyə uyğun olaraq – istənilən məlumatı oxucuya çatdıra biləcəklər. Bu yanaşma həm də onların maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Beləliklə, həmin qurumların maliyyə mənbələri cəmiyyətə açıq şəkildə bəlli olacaq.

Eyni zamanda, bu media subyektlərində çalışan jurnalistlər də ölkəmizdə media üçün yaradılmış imkanlardan yararlana biləcəklər. Digər qurumlara şamil olunan hüquq və imtiyazlar onlara da aid ediləcək. Onlar da materiallarını sərbəst və müəllif imzası ilə yayımlamaq imkanına malik olacaqlar.

Hesab edirəm ki, bu yanaşma ümumilikdə Azərbaycan media mühitinin daha da şəffaf və peşəkar şəkildə inkişafına töhfə verəcək”.
OXŞAR XƏBƏRLƏR