Hemodializ və onun ağuşuna düşən gənc jurnalist - Mikayıl Mirzəzadə yazır

Hemodializ və onun ağuşuna düşən gənc jurnalist - Mikayıl Mirzəzadə yazır
KÖŞƏ
23:32 18.07.2025
701
2025-ci ilə qədəm qoyandan bəri səhhətimdə uzunmüddətli problemlər yaşanırdı. Lakin mən bütün baş verənlərə laqeyd yanaşaraq sağlamlığıma fikir vermədən iş fəaliyyətimlə məşğul idim. Hər gələnə, gedənə gülüb keçsəm də, sanki gündən-günə geri addımladığımın fərqində idim. Öncə mədəmdə problemlər aşkarlandı. Tez-tez qaytarma, ishal və sonradan iştahasızlıq məni çıxmaz yollara qərq edirdi. Vaxt tapıb həkimə müraciət etsəm də qan dəyərlərim normal, yalnız şəkərli diabet xəstəliyinin astanasında olduğumu öyrənmişdim. Nəticədə aylarla bunun üzərində dayanıb müalicəyə tabe oldum. Amma yenə də vəziyyətim heç də ürəkaçan bir mərhələyə qədəm qoymurdu. Nəhayət, aylar keçdikdən sonra mart ayının ilk həftəsində daha bir çətin sınaq qarşısında qalmalı oldum. Belə ki, martın 7-i doğum günümü qeyd etdikdən saatlar sonra burnumdan qan açılmağa başladı. Səbəbi mənə naməlum idi. Ertəsi gün özümü ümumi yoxlatmaq üçün "Liv Bona-Dea" hospitalına getdim. Öncəliklə şikayətlərimi dilə gətirərək hematoloq müayinəsinə girdim. Qan dəyərlərimdə ciddi bir problem olmadığı məlum olduqdan sonra təsadüfən böyrəklərimi yoxlamaq qərarına gəlindi. Müxtəlif analizlər verdim və səbirsizliklə nəticələri gözlədim. Nəticələr çıxdıqdan sonra məni müayinə edən həkimin gözü kəlləsinə çıxmışdı. Səbəbini soruşduqda isə o yalnız mənə bunu dedi: "Sən necə bu vaxtacan sağ qala bilmisən? Sadəcə möcüzədir". Bu sözlər mənə daxilən çox pis təsir etdi və problemimin ciddiyətini anladım. Həkim mənə böyrəklərimin işləmədiyini hətta büzüşərək sıradan çıxdığını dedi. Böyrəklərim kimi mən də büzüşərək bir qapının arxasına sıxıldım. Ardınca xəstəxanada yatmalı olduğum söyləndi və heç zaman eşitmədiyim bir vasitəni mənə qoşacaqlarını eşitdim.
 
Müvəqqəti dializ kateteri. Çoxları bu aparatın nə olduğunu belə bilmir. Hər şey bundan sonra başladı və 22 yaşı yenicə olan gənc jurnalist aylarca hemodializ proqramına qoşulmaq məcburiyyətində qaldı. Faciə bununla da bitmədi. Mənim bədənimdə qanaxma olduğu üçün bu aparatı damar vasitəsilə mənə yeritmək çox risk tələb edirdi. Həkim məndən xəbərsiz valideynlərimlə halallaşdı və bir səhv mənim həmin stolda qalmağıma bais ola bilərdi. Amma, təbii ki, mən bu mənzərəni nə gördüm, nə də şahidi oldum. 1 saatlıq əməliyyat xarakterli prosedur icra olundu və mən 3 gün müddətində həmin xəstəxanada qalaraq ömrümün ən əzablı günlərini yaşamış oldum. Bundan sonra isə xəstəxanadan çıxıb sağaldığımı düşünsəm də aylarca bu proqrama qoşulu yaşayacağımı bilmirdim. Nə az, nə çox düz 3 ay hemodializ proqramına gedərək ən çətin günlərdən keçdim. Qaşınma, yüksək təzyiq, yuxusuzluq və daha nələr yaşamadım ki...
 
Ən izdirablı görüntü isə burada təkcə mənim gənc olmağım idi. Hər 3 saatlıq seansdan çıxdıqdan sonra sanki evə gedərkən küçənin bir küncündə öləcəyimi düşünə-düşünə irəliləyirdim. Yaşamaq hissim ölmüş, iş qabiliyyətim zəifləmişdi. Ondan savayı isə həyat tərzim bərbad olmuşdu. Çünki boğazıma yeridilən aparata görə diskomfort şəkildə yaşayırdım. İstədiyim geyimi geyə bilmir, gecə yatarkən ona nəsə olacağını bilərək yuxuya gedirdim. Fəqət, Allahın mərhəməti və izni ilə bu yaxınlarda əməliyyat olundum. Donorum atam oldu və mənə dəstək olaraq öz böyrəyindən birini mənə hədiyyə etdi. Təbii ki, bu prosesdə həkimlərin rolu əvəzsiz oldu. Uğurlu əməliyyat keçirərək evə buraxıldım və aylardır yerdə qoyduğumun fəaliyyətimin izinə qayıtdım. Necə deyərlər, həyat davam edir və edirsə, gərək işindən bərk yapışasan. Xəstəlik işini sevənə əngəl deyil. Hətta motivasiyadır.
 
Bayaqdan cümlələrdə sətirbəsətir işlətdiyim hemodializ proqramı nədir və nəyə xidmət edir?
 
Hemodializ — böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi (funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları) zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir. Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat davam etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur. Onu da əlavə edim ki, hemodializ proqramı xroniki böyrək xəstələri üçün müalicə deyil, yaşam üsuludur! 
 
Statistikaya görə isə hemodializ proqramına müraciət edən xəstələrin yaşama nisbəti, böyrək nəqli edənlərə nisbətən 10 dəfə azdır. Yəni hemodializə gedən xəstələr 10 ildən çox yaşaya bilmirlər. 
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR