"ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən Dağlıq Qarabağ (DQ) münaqişəsinin nizama salınması ilə bağlı narahatçılığı ifadə edən bəyanatlar səsləndirilməsini müsbət qiymətləndirmək olar".
AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanata münasibət bildirərkən deyib.
YAP-ın Sədr müavini qeyd edib ki, bu, böyük dövlətlərin, Minsk qrupunun həmsədrlərinin münaqişənin nizama salınmasını unutmadığının götəricisidir: "Həqiqət ondan ibarətdir ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, münaqişə hələ də nizamlanmayıb. Bir milyondan artıq Azərbaycan qaçqın və məcburi köçkünlərinin vəziyyətində dəyişiklik baş verməyib. Onlar hələ də öz yurd-yuvalarına qayıda bilməyiblər. Beləcə, tarixi həqiqət bərpa olunmayıb".
Əli Əhmədov bildirib ki, tarixi həqiqətin bərpa olunmamasının günahının böyük bir hissəsi də münaqişənin nizama salınması kimi əhəmiyyətli missiyanı öz üzərinə götürmüş Minsk qrupunun öz vəzifəsinin öhdəsindən gələ bilməməsidir: "Mən təsəvvür edə bilmirəm ki, Minsk qrupu bu münaqişəni həll etmək missiyasını öz üzərinə götürəndən bu günə qədər, 20 il ərzində bu vəzifəni öhdəsindən gələ bilməyib. Bu məqamda onlar kimləri günahlandırmaq istəyir ki? Bu məntiqi başa düşmək mümkün deyil. Nə qədər ki, işğalçının işğal etdiyi torpaqları geri qaytarması tələbi Minsk qrupunun bütün həmsədr dövlətləri tərəfindən konkret şəkildə qoyulmayıb, münaqişənin nizama salınması sahəsində irəliyə addım atmaq mümkün olmayacaq. Hesab edirəm ki, Minsk qrupunun həmsədr dövlətləri bu məsələyə konkret münasibət bildirsəydilər, münaqişənin tənzimlənməsi istiqamətində daha ciddi addım atılmasına nail olmaq mümkün olardı".