Hər gün pivə içmək bəzi insanların düşündüyü kimi zərərsiz vərdiş olmaya bilər.
Narkoloq və psixiatr Anton Rudkovski bildirib ki, gündəlik olaraq az miqdarda pivə qəbul etmək belə zamanla alkoqol asılılığı riskini artıra bilər.
Mütəxəssis qeyd edib ki, bir çox insan axşam işdən sonra bir-iki şüşə pivə içməyi sadəcə istirahət üsulu kimi qəbul edir və bunu alkoqol istifadəsi hesab etmir:
"Lakin beynin alkoqolun hansı növünü qəbul etməsindən asılı olaraq fərqli reaksiya vermədiyini deyən Rudkovskinin sözlərinə görə, əsas məsələ spirtli içkinin insan üçün rahatlıq və zövq mənbəyinə çevrilməsidir".
Narkoloq xüsusilə "Mən alkoqolik deyiləm, sadəcə pivə içirəm" düşüncəsinin təhlükəli ola biləcəyini vurğulayıb. Onun fikrincə, məhz bu yanaşma problemin ilkin əlamətlərinin vaxtında fərq edilməsinə mane olur.
Rudkovski qeyd edib ki, alkoqol asılılığı adətən birdən-birə yaranmır. Proses çox vaxt gündəlik və təkrarlanan vərdişlərlə başlayır. İnsan müəyyən müddətdən sonra pivə içmək istəyib-istəmədiyini düşünmədən evə gedərkən avtomatik olaraq içki almağa başlaya bilər.
"Müntəzəm alkoqol qəbulu beynin mükafat sisteminə təsir göstərir. Nəticədə insan alışdığı içkini qəbul etmədikdə əsəbilik və narahatlıq hiss edə, günün sanki tamamlanmadığını düşünə bilər.
Pivənin təhlükəsi ilə bağlı başqa bir amil isə cəmiyyətdə onun qəbul olunma formasına bağlıdır. Pivə çox vaxt istirahət, idman və dostlarla görüşlə əlaqələndirilir. Buna görə də hər axşam bir neçə şüşə pivə içmək ətrafdakılar tərəfindən adi hal kimi qəbul edilə bilər.
Əsas risk insanın çox içməyə başladığı məqam deyil. Problem alkoqolun gündəlik həyatın ayrılmaz və məcburi hissəsinə çevrilməsi ilə daha erkən mərhələdə ortaya çıxa bilər",-deyə narkoloq əlavə edib.
/baku.ws











































