Duz depressiya və anksiyete riskini 40 faiz artırır.
AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, duzlu yeməklər depressiya və anksiyete riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Çinin Sincan Tibb Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, yeməklərinə normadan artıq duz əlavə edən şəxslərdə yuxarıdakı psixoloji problemlərə tutulma ehtimalı, duz istifadə etməyən və ya nadir hallarda istifadə edən insanlarla müqayisədə 40 faiz çoxdur.
439 min 412 britaniyalı yetişkin üzərində aparılan araşdırmada 9.516 nəfərə depressiya, 11.796 nəfərə isə anksiyete diaqnozu qoyulub.
Araşdırma duzun yalnız fiziki sağlamlıq deyil, ruh sağlamlığına da zərərli təsir göstərdiyini ortaya qoyur. Bu barədə məlumat "Affective Disorders" elmi jurnalında dərc edilib.
Mütəxəssislər bildiriblər ki, duzun bu təsiri onun bioloji yaşlanmanı sürətləndirməsi, serotonin və dopamin kimi əhval-ruhiyyəyə təsir edən hormonlara mənfi təsiri ilə əlaqələndirilə bilər.