Hərbi qulluqçuların vəzifə və rütbələrindən asılı olaraq əməkhaqlarının 10 faizdən 50 faizədək artırılması nəzərdə tutulur. Vergilər və icbari ödənişlər çıxıldıqdan sonra xalis əməkhaqqı orta hesabla 23 faizədək artacaq. Bunun üçün ildə əlavə 550 milyon manat vəsait ayrılması planlaşdırılır.
AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya və hərbi xidmətlə bağlı qanunlara dəyişiklik layihələrini təqdim edərkən bildirib.
Komitə sədrinin sözlərinə görə, yeni əməkhaqqı sistemi hazırlanarkən müasir ordu modelinə malik ölkələrin təcrübəsi nəzərə alınıb. Əməkhaqqı hərbi qulluqçunun tutduğu vəzifə, rütbə, xidmətin xüsusiyyətləri və məsuliyyət səviyyəsinə görə fərqlənəcək.
Musa Quliyev qeyd edib ki, baza maaşı olan vəzifə maaşı pilləli rütbə maaşı ilə əvəz ediləcək. Rütbə maaşının hərbçilərin gəlirlərindəki payının 70 faizə çatdırılması nəzərdə tutulur.











































