Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin Qənimət Zahidlə məhkəmə çəkişməsi ilə bağlı APA-ya müsahibəsi
- Qənimət Zahidi 1990-cı illərdə o, "Azadlıq” qəzetinə rəhbərlik etdiyi dövrlərdə tanımışam. Müəyyən tədbirlərdə onunla görüşmüşük, amma şəxsi dostluğumuz və ya yaxınlığımız olmayıb. Buna görə də, Q. Zahid tərəfindən öz sosial platformasında birdən-birə belə fikirlər səsləndirməsi mənim üçün də qaranlıq oldu. Amma söhbət şəxsi müstəvidən getmir. Qənimət Zahid və onun kimilər xaricdə oturaraq, Azərbaycandakı uğurları görməzdən gələrək hər şeyi qara görməklə məşğuldurlar. Mən isə o dövrdə parlament üzvü və hüquq müdafiəçisi olaraq Azərbaycanın uğurları, xarici dövlətlərin ölkəyə qarşı müəyyən basqılarında Azərbaycan dövlətinin maraqları mövqeyindən çıxış etmişəm. Yəqin ki, onun məni öz "qara siyahı”sına salmasına səbəb bu olub. Məncə, buna görə, o, böhtan xarakterli fikirlər səsləndirərək gündəmə gəlib.
- Qənimət Zahidi məhkəməyə verməyinizin əsas səbəbi nə idi? Hansı çıxışı bu qərarı verməyinizlə nəticələndi?
- 2019-cu ilin avqust ayının 18-də, 25-də və sentyabrın 1-də Qənimət Zahid özünün rəhbəri olduğu, "YouTube” platformasında yayımlanan "Azərbaycan Saatı” televiziya kanalında mənə qarşı ictimai böhtan ataraq cinayət törətmiş oldu. Belə hesab etdim ki, bu çıxışları ilə mənim şərəf və nüfuzuma xələl gətirib. O ittihamlarında qeyd edirdi ki, Rusiyanın Arxangelsk şəhərində bir azərbaycanlının öldürülməsi cinayətində təşkilatçılardan biri mən olmuşam. Hər üç videoda mənə qarşı kifayət qədər ağır ittihamlar və böhtanlar səsləndirib. O iddia edirdi ki, məni Azərbaycanda ona görə dindirmirlər ki, mən guya o vaxtkı baş prokurorla çox yaxın münasibətdəyəm. Rusiyada dindirilməməyimin səbəbini isə o vaxt Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olmağım və guya Rusiya xüsusi xidmət orqanlarına çalışmağımla əlaqələndirirdi. Halbuki o cinayət işi üzrə iştirakçılar da, təşkilatçılar da hamısı məlum idi və sonradan tutulub müxtəlif cəzalarını aldılar. Onu da qeyd edim ki, bu cinayətin icraçısının Belarus vətəndaşı olduğu təsdiqlənib. Mən təbii ki, şərəf və nüfuzumu qorumaq üçün bir hüquqşünas olaraq bu proseslə bağlı bir balaca analiz apardım və Qənimət Zahidin sığındığı Fransada vəkil tutmaqla onu məhkəməyə verdim.
Qənimət Zahid Azərbaycan parlamentinin AŞPA-da nümayəndə heyətinin üzvünə qarşı bu cür böhtanlar yağdırmaqla Milli Məclisin Parlament Assmbleyasında nüfuzuna xələl gətirmək, ümumiyyətlə parlamentimizə xələl gətirmək və həm də mənim cəmiyyət arasında olan nüfuzuma zərər vurmaq məqsədi ilə bu cür iddialarla çıxış edib.
- Qənimət Zahidin məlum çıxışında öldürülməsində Sizi günahlandırdığı şəxsi tanıyırdınız? Siz uzun müddət hüquq-mühafizə orqanlarında çalışmısınız. Niyə onun öldürülməsində məhz Sizin əliniz olduğunu iddia edib?
- Həmin cinayət hadisəsində qətlə yetirilən şəxsi tanımıram. Amma burada bir detal var. O vaxt mən bununla bağlı açıqlama da vermişdim. O şəxsin atası mənimlə bir məktəbdə oxuyub, biz paralel siniflərdə oxumuşuq. Ölən şəxsin qardaşının - heç adını da dəqiq bilmirəm - Ağdaşda müəyyən adamlarla aralarında dələduzluqla bağlı söz-söhbətləri olub. O iddia edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu məsələ ilə bağlı mənə müraciət olundu, dedilər ki, siz atası ilə tanışsız, deyin, yola gəlsin. Mən də bir dəfə onun "Vatsap” hesabına zəng vurdum, dedim ki, yerlisiniz, niyə bir-birinizi incidirsiniz? Niyə problemi böyüdürsünüz? Razılaşın, yavaş-yavaş məsələni həll edin. Sadəcə, onları barışdırmağa çalışdım. Amma sonralar aralarında borcla əlaqədar məsələ oldu və Rusiyada onları məhkəməyə verdi. Onun öldürülən qardaşını isə ümumiyyətlə tanımırdım. Bildiyim qədəri ilə bizneslə məşğul olan adam idi və görünür, kimlərlə münaqişəsi yaranmışdısa, axırı belə nəticələndi.
Görünür, bu məsələ Ağdaşla bağlı olduğu üçün Qənimətin əlinə fürsət düşüb. Onlar mənim telefon danışığımın səs yazısını radikal müxalifətə meylli əmiləri vasitəsilə Qənimətə ötürdülər. Düzünü desəm, mənim üçün yenə də tam aydın deyil ki, birdən-birə Qənimət Zahid haradan çıxdı və niyə mənimlə bağlı təhqir, böhtan xarakterli məlumatlar yaydı.
- Məhkəmə proseduru necə oldu, hansı hallarla qarşılaşdınız?
- Mən bu böhtanlarla əlaqədar 2019-cu ilin noyabrın 6-da Fransanın Paris şəhərinə uçdum. Paris şəhərində vəkillərlə görüşüb, məsələni müzakirə etdim və müqavilə bağladım. Onlar Qənimət Zahidin çıxışının fransız dilinə tərcüməsini istədilər.
Məhkəmə icraatı başlayanda pandemiya gəldi, pandemiya da bilirsiniz ki, bütün dünyada hər şey iflic etdi, buna görə uzun müddət proses hərəkətsiz qaldı. Fransada məhkəmələrin qaydalarına görə hər şeyi özləri araşdırırdı. 2024-cü ilin 4 iyun tarixində verilmiş qərarla Qənimət Zahidə Fransa qanunvericiliyinin müvafiq maddələrinə əsasən yekun ittihamlar irəli sürüldü. Daha sonra işi araşdıran təhqiqatçı, müstəntiq müddətin keçməsi ilə bağlı işin icraatına xitam verdi. Lakin vəkillərim qərarla əlaqədar apellyasiya şikayəti verdilər və bu qərar ləğv edilərək yenidən icraat başlandı. Məhkəmə prosesləri başlayandan Qənimət Zahid məhkəmədən yayınmağa çalışırdı. Qeyd edim ki, məhkəmə prosesindən gec də olsa, nəticə əldə etdiyimə görə razıyam. Mətbuat konfransında da Fransa məhkəməsinə öz təşəkkürümü bildirdim. Belə hesab edirəm ki, siyasi mühacir statusu alan, həmin dövlətin himayəsində olan və maliyyələşən bir şəxsi, özü də jurnalisti elə o dövlətin özündə, onun paytaxtında məhkəmə yolu ilə udmaq, barəsində hökm çıxartdırmaq çox da asan məsələ deyil. Bunu əldə etdiyim üçün özümü qalib saysam da, qəhrəman saymıram, çünki burada ədalətli məhkəmə yanaşması oldu. 25 oktyabr 2025-ci il tarixdə Paris Cinayət Məhkəməsi Qənimət Zahidə qarşı iddiamla bağlı qərar çıxartdı. O, 500 avro miqdarında cərimələndi. Çünki diffamasya haqqında qanunlar var və bilirsiniz ki, Avropada, ümumiyyətlə, jurnalistlərin cinayətkar hesab edilib həbs olunması çətin görünür. Bundan əlavə, 254 avro sabit prosessual rüsum var, onu dövlətə ödəyəcək, mənə də əlavə 300 avro təzminat ödəməli olacaq.
Bununla da Qənimət Zahid Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab edilib, cinayət törətmiş şəxslər kateqoriyasına salınıb.
- Təqsirləndirilən şəxsin Fransada yaşamaq hüququ, məhkəmə də Fransada olduğu halda, Sizcə, niyə proseslərdən qaçırdı?
- Bəli, Qənimət Zahid Məhkəmədən yayılmağa cəhd edirdi. O, bir neçə dəfə çağırışa gəlməyib, məhkəməyə gəlməkdən imtina edib. Lakin bir neçə aydan sonra məcburi qaydada məhkəməyə gətirildi və dindirildi. O, prosesi uzatmağa, pozmağa çalışırdı. Hətta yalançı şahidlər gətirməyə cəhd etdi, lakin hakim onları zaldan çıxartdı. Sonra "Sərhədsiz Reportyorlar” təşkilatından özünə oxşayanın birini gətirdi. O da məhkəmə prosesini siyasiləşdirməyə çalışsa da, hakimlər kollegiyası buna imkan vermədi.
- Mətbuat konfransınızdan sonra Qənimət Zahid bildirib ki, bu prosesin Sizin qələbəniz kimi qeyd edilməsi düzgün deyil. Bu barədə nə deyə bilərsiniz?
- Qənimət Zahid çox söz deyə bilər. Təbii ki, o, nəsə deyəcək. Mənim bildiyimə görə, deyib ki, bu məhkəmə qərarı 3 ay bundan öncə verilib, Vaşinqtonda baş verən hadisələr (Bu il fevralın 19-da bir qrup radikal şəxs Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı təxribat törətməyə cəhd edib, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıb. Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində mümkün insidentin qarşısını alıb-red.) fonunda Çingiz Qənizadə bunu qabardır. Bu, nə deməlidir? Mənim əlimdə Paris Cinayət Məhkəməsinin rəsmi qəbul etdiyi möhürlü qərar var, hökm var. Qənimət Zahidin nə deməsindən asılı olmayaraq, həqiqət mənim tərəfimdədir.
Mən bu qələbəmlə həm də sübut etdim ki, Qənimət Zahid və onun kimilərinin danışdıqlarının böyük əksəriyyəti, bəzən də hamısı başdan-ayağa qara yalandır. Çünki onlar hər şeyi öz təfəkkürlərinə, öz düşüncələrinə, öz ağıllarına uyğun bəzəyərək öz mövqelərinə lazım olan formada təqdim etməyə çalışırlar. Həm də Azərbaycan cəmiyyəti gördü ki, bu məsələdə mən haqlı olaraq bu cür sosial şəbəkə "qəhrəmanlar”ını məğlub etməklə sübut etdim ki, onlar yalançıdır, böhtançıdır və məsuliyyətə cəlb edilə bilərlər. Hətta yaşadıqları ölkələrdə də...
Mən hesab edirəm ki, hər kəs bu praktikadan bəhrələnməlidir. Hər kəs belə adamlara, şərəf və nüfuza xələl gətirənlərə, təhqirlər yağdıran, böhtan atanlara qarşı dərhal reaksiyaya verib, elə həmən ölkədə onlara qarşı məhkəmə iddiası qaldırmaq lazımdır. Əlavə edim ki, məhkəmənin qərarında son olaraq yazılıb ki, nəticə etibarilə Fransa Respublikası bütün məhkəmə icraçılarına tələb olunduqda həmin qərarı icra etməyi, baş prokuror və məhkəmələrdəki dövlət prokurorlarına onun icrasını təmin etməyi, dövlət qüvvələrinin bütün komandirlərinə və zabitlərinə isə qanunu olaraq lazım olduqda kömək göstərməyi əmr edir və sərəncam verir. Yəni, bundan güclü məhkəmə qərarı ola bilər? Bu, bir işdir, bu, bir presedentdir. Mən elə hesab edirəm ki, Azərbaycan vətəndaşlarının, soydaşlarımızın hər hansı birinə qarşı bu cür qərəzli hərəkətlər olacaqsa, həmin ölkədə onları məhkəməyə verib bu cür cəzalandırmaq lazımdır.










































