Azərbaycan Hesablama Palatası (HP) 2025-ci ilin ilk yarısına dair dövlət büdcəsinin icrası üzrə təhlillərində bir sıra risklərlərlə bağlı xəbərdarlıq edib.
Bu barədə Palatanın hesabatında bildirilib.
Qeyd edilib ki, gəlirlərin illik artımında əsas pay daha çox neft gəlirlərinə aiddir. Belə ki, dövlət büdcəsinin gəlirləri 2025-ci ilin 6 ayında 961,1 mln. manat artıb ki, bunun da 728,9 mln. manatı və ya 75,8%-i neft gəlirləri (əsasən də DNF) hesabına təmin edilib.
Digər məsələ gəlirlərin icrası zamanı hüquqi aktlarda dəyişikliklərin diqqətdə saxlanılmamasıdır: "2025-ci ilin 6 ayında da dövlət büdcəsinin gəlirlərinə ləğv edilmiş dövlət rüsumu (1,2 mln. manat) daxil edilmiş, "Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər diqqətdə saxlanılmayıb"
Palata həmçinin vurğulayıb ki, bəzi xərc istiqamətləri üzrə büdcə intizamının aşağı olması davam edir. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,1 mlrd. manat icra edilib ki, bu, cari il üçün təsdiq edilmiş məbləğin 41,3%-ni təşkil edir.
HP bundan əlavə, qanunvericilikdə təsbit edilmədiyi halda vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilməsini də risk hesab edir: "Hesabat dövründə 1395,4 mln. manat olmaqla, vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilib. "Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait yönəldilməsi nəzərdə tutulmayıb".
Digər tərəfdən, Təminat Fonduna qaytarılması nəzərdə tutulan məbləğ aşağı icra edilib. Təminat Fondundan ödənilmiş vəsaitlərin 2025-ci ildə qaytarılması nəzərdə tutulan 203,7 mln. manatdan cari ilin 6 ayında 10,7 mln. manat qaytarılıb, bu, ümumi proqnozun 5,3%-ni təşkil edib.
Palata əlavə edib ki, qapalı hərrac mexanizminin tətbiqinin uzunmüddətli perpektivdə risklərə səbəb olur: " 2025-ci ilin ilk yarısında həyata keçirilmiş qapalı hərrac əməliyyatları qısamüddətli öhdəliklərin idarə olunmasında və borc portfelinin dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edib, həmçinin uzunmüddətli istiqrazların emissiyası vasitəsilə bazarda maliyyə sabitliyinin gücləndirilməsi və qısamüddətli risklərin azaldılması baxımından effektiv alət kimi çıxış edib. Lakin bazara yeni investorların cəlb edilməməsi maliyyə axınlarının əsasən dövlət qurumları arasında dövr etməsinə gətirib çıxarıb, bu isə likvidlik imkanlarını məhdudlaşdırmaqla yanaşı borc bazarının şaxələnməsi potensialını azaldaraq əməliyyatın davamlılığının qiymətləndirilməsində ehtiyatlı yanaşmanın vacibliyini ön plana çıxarıb".