Dekabrın 20-də Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, əvvəlcə Leyla xanım Əliyeva, Azərbaycan nümayəndə heyətinin təmsilçiləri və Həştərxan vilayətinin rəhbərləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Həştərxandakı abidəsi önünə əklil və tər çiçəklər qoymuşlar.
Mərasimdə Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmiləri, Həştərxanın Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri iştirak etmişlər.Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd etmişdir ki, Knyaz Vladimirin abidəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmışdır. A.Jilkin vurğulamışdır ki, bu abidə Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən ilk layihə deyildir. O demişdir: “Bu günə qədər Həştərxanda Heydər Əliyev parkı, məktəb, Rusiya-Azərbaycan dostluq körpüsü, uşaq şəhərciyi açılmışdır. Bütün bunlar Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin təsdiqidir”.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək III dərəcəli Müqəddəs Knyaginya Olqa ordeni ilə təltif olunduğuna görə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə təşəkkürünü bildirmişdir. Leyla Əliyeva demişdir: “Bu, mənim üçün böyük şərəf və sevincdir. Bu gün Knyaz Vladimirin abidəsinin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri həmişə sülh, dostluq və həmrəylik şəraitində yaşamışlar. Bizim ölkəmizdə tolerantlıq məqsəd deyil, həyat tərzidir. Heydər Əliyev Fondu da öz fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirir”.
Leyla Əliyeva qeyd etmişdir ki, Azərbaycan ilə Həştərxan vilayətini sıx dostluq münasibətləri bağlayır. O demişdir: “Həştərxanda çoxlu müştərək layihələr həyata keçirilmişdir. Bu gün də yeni uşaq bağçasının təməlqoyma mərasimi olacaqdır. Bundan əlavə, Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyinin regional bölməsi fəaliyyət göstərir. Həştərxan bölməsi RAGB-nin ən fəal qurumlarından biridir”.Sonra Knyaz Vladimirin abidəsi üzərinə müqəddəs su çilənmiş və xeyir-dua verilmişdir.Xatırladaq ki, bu abidənin təməl daşı 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycanın nüfuzlu nümayəndə heyətinin iştirakı ilə qoyulmuşdur. Tuncdan hazırlanmış və qranit postament üzərində ucaldılmış abidənin hündürlüyü dörd metrdir. Abidə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmışdır. Memarlıq kompozisiyasının müəllifi Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev, heykəlin müəllifləri həştərxanlı memar Aleksandr Fedorçenko və moskvalı heykəltəraş, Rusiyanın Xalq Rəssamı Andrey Kovalçukdur. Abidə Bakıda tökülmüş və Həştərxana çatdırılmışdır. Abidənin dörd tərəfində fəvvarələr qurulmuşdur.Bu monumentin ucaldılması Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilmişdir.Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikilmiş “Meçta” uşaq kafesinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş “Meçta” uşaq kafesinin dekabrın 20-də açılışı olmuşdur.AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin kafenin rəmzi açılışını bildirən lenti kəsmişlər. Uşaqlara yeni il hədiyyələri təqdim edilmişdir.
Kafe Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq şəhərciyinin yaxınlığında yerləşir. Uşaq şəhərciyinin açılışı 2012-ci il sentyabrın 12-də olmuşdur. Həmin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdi.
Ümumi sahəsi 1200 kvadratmetrə yaxın olan şəhərcikdə yeddi böyük və bir neçə kiçik attraksion quraşdırılmışdır. Uşaqların təhlükəsizliyi üçün zəruri şərait yaradılmışdır.Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçasının təməli qoyulubDekabrın 20-də Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirilmişdir.AzərTAc xəbər verir ki, şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcəkdir.Təməlqoyma mərasimindən sonra Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan bölməsinin nümayəndələri ilə görüşmüşdür.RAGB-nin Həştərxan bölməsinin rəhbəri Elvin Hüseynov gənclər təşkilatının Həştərxanda fəaliyyəti barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Həştərxan Vilayət Qubernatoru Administrasiyası bu bölməni vilayətdə ən yaxşı gənclər təşkilatı seçmişdir. Onun sözlərinə görə, RAGB-nin Həştərxan bölməsi “Mersi Baku” adlı Şən və Hazırcavablar Klubu (ŞHK) yaratmışdır. Bölmə vilayətdə müxtəlif mədəni, idman və elmi tədbirlərin təşkilində fəal iştirak edir.Sonra Heydər Əliyev adına məktəbdə müəllimlər və şagirdlərlə görüş olmuşdur. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondu tərəfindən bu məktəbə göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.T. Tixomirova vurğulamışdır ki, Heydər Əliyev adına orta məktəb hazırda Həştərxan vilayətində qabaqcıl təhsil ocaqlarından biridir.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd etmişdir ki, son illərdə Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirmişdir. O vurğulamışdır ki, Fond təhsilin inkişafına xüsusi diqqət yetirir. Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada bir neçə təhsil layihəsi həyata keçirmişdir. Leyla Əliyeva Azərbaycan–Rusiya əlaqələrinin möhkəmlənməsində gənclərin də böyük rol oynadığını qeyd etmişdir.Sonra ilin ən yaxşı müəllimləri və şagirdləri təltif edilmişdir. Məktəbə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunmuşdur.