Xəbər verdiyimiz kimi, Azərbaycanda ailədaxili münasibətlərlə bağlı yeni hüquqi yanaşma müəyyən edilib. Qəbul olunmuş qərara əsasən, həyat yoldaşının xarici görnüşü ilə bağlı alçaldıcı ifadələr işlətmək - məsələn, "köksən", "gözəl deyilsən" kimi sözlər demək müəyyən hallarda qanun pozuntusu kimi qiymətləndirilə bilər.
Məsələ "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Ali Məhkəmə Plenumunun Qərarında əksini tapıb. Qərara əsasən, ailə üzvünün şəxsi və ailə sirrini yaymaq, onun bəyənilmədiyini nümayişkaranə şəkildə bildirmək və ya alçaldıcı ifadələrlə nüfuzuna xələl gətirmək hüquqi məsuliyyət yarada bilər.
Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, hüquq bu cür qeyri-mücərrəd ifadələrlə hər hansı tənzimləyici rolu üzərinə götürə bilməz:
"Hüquq bu cür qeyri-mücərrəd ifadələrlə hər hansı tənzimləyici rolu üzərinə götürə bilməz. Bu ifadələr konkret olaraq nəyi əks etdirdiyini göstərməli, böhtan və təhqir isə real və müəyyən edilə bilən mahiyyət daşımalıdır. Əgər bu kimi ifadələr insanlara qarşı təhqir niyyəti ilə işlədilirsə, həmin məsələyə hüquqi baxımdan baxılması mümkündür. Bu baxımdan, belə tənzimləmələr müəyyən həddə ailədaxili proseslərə hüququn müdaxiləsi anlamına gəlir”.

Deputat deyib ki, bu kimi məsələlərin hüquqi müstəviyə çıxarılması məqsədəuyğun deyil:
"Bizim ictimai və mədəni həyatımızda bunun işlək mexanizmi mövcud deyil. Təbii ki, kobud və söyüş xarakterli ifadələr həm cəmiyyətdə, həm də ailədaxili münasibətlərdə yayğındır. Amma hüquq yalnız konkret fakt və niyyət əsasında qərar verməlidir. Bu kimi məsələlərin hüquqi müstəviyə çıxarılması məqsədəuyğun hesab olunmur. Daha doğru yanaşma bu mövzunun mədəni və maarifləndirici kampaniyalar çərçivəsində müzakirə olunmasıdır”.
Şahanə Ziyad










































