Bu gün Azərbaycanda sığortalanmış işçilərin sayı yarım milyonu ötüb. Konkret desək, 637 mindən artıq insan həyatını sığortalatdırıb. Bununla belə, ümumi sığorta müqavilələrində payı 5 faizdən çox olmayan həyat sığortası ilə bağlı vəziyyəti ekspertlər qənaətbəxş qiymətləndirmir. Əslində, həyatının qiymətini bilən hər kəs buna can atmalıdır. Normal cəmiyyətlərdə bu belədir və normal cəmiyyətlərdə sığorta anlayışı uzun illərdir yol gəlir. Əgər kimsə Amerika yazıçısı Artur Heynenin “Aeroport” romanını oxuyubsa, deməli, təkcə qəhrəmanlardan birinin öz həyatını sığortalatdırmaqla əslində nəyə nail olmaq istədiyini bilmir, həm də qərbdə sığorta mədəniyyətinin tarixindən xəbərdardır. Bizdə isə həyat sığortasını daha çox banklardan asılı olan insanlar edir. Məsələn, adam ipoteka ilə mənzil alıb və bank onu məcbur edib ki, həm aldığı əmlakını, həm də həyatını sığortalatdırsın. Əks halda, ona kredit verilməyəcək. Yəni, adı könüllü olan sığorta müqaviləsinə əslində o məcbur qalıb imza atır. Məsələn, Əli Mirzəyev aldığı mülkü 54 900 manata, 45 min manata isə həyatını sığorta etdirib. Mülkünə dəyən ziyana görə, sığorta şirkəti heç tükünü də tərpətmədiyindən Əli Mirzəyevin gözü qorxub. Deyir, sabah yıxılıb ölsəm, sığorta şirkəti buna da bir bəhanə tapıb yardım göstərməyəcək: “Sığorta şirkətərindən biri deyir ki, get kimə deyirsən de. Hər sığorta edən məhkəməyə müraciət edəcəksə, onda sığorta nəyə lazımdır?”. Sığorta şirkətlərində də sığortadan imtinanı gizlətmirlər. Amma eyni zamanda əsaslandırırlar ki, hansı hallarda şirkətlər ödənişdən imtina edə bilər... Sığorta şirkətinin təmsilçisi Natiq Əmircanovun sözlərinə görə, sığortanın verilməsindən imtinanın əsasları yeni qanunla müəyyənləşib: “Qanunla müəyyənləşib ki, hansı hallarda kimin önəniş almaq hüquqları yaranıb, kim bu sığortanı ala bilər. İşçinin ailə üzvləri, işləməyən və ilaxır və s. Bunlar olmadıqda, ödəniş heç kimə edilmir”. Dövlət Əmək Müfəttişliyi isə ötən ilin 11 ayı ərzində 5500 müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirib. Təxminən 13 min işəgötürən öz işçisinin həyatını sığorta etdirib. 21 sığorta ödənişi edilib, 46 hadisə üzrə sığorta tələbinə baxılıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov deyir ki, birmənalı olaraq bütün müəssisələrdə müqavilələrin bağlanmasına göstəriş verilib: “Bu iş gedir. Hazırda 20 mindən artıq işəgötürən işçilərini sığorta etdirib. O işçilər bəzən maraq göstərmir ki, onlarda belə hadisələr baş vermir”.