Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalı tarixdən bu günə kimi Şuşa şəhərində baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb.
Zaur Məmmədov bildirib ki, portalın "Ana səhifəsi” 7 bölmədən ibarətdir:
"Bizim Şuşa” adlı ilk bölmədə şəhərin yarandığı gündən işğal olunduğu günə kimi bütün tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer almışdır.
"Şuşada erməni vandalizmi” adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan edilməsi, məhv edilmiş mədəni irs nümunərinin siyahısı və həmin abidələrın nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlar göstərilmişdir.
"Şuşa bu gün” bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunduqdan sonra Şuşa şəhəri ilə bağlı sərəncamları, Şuşaya səfərləri, Şuşada aparılan yenidənqurma işləri və hər gün Şuşada baş verən yenilikləri özündə əks etdirən Şuşa xəbərləri əks olunmuşdur. Bu bölmə daim yenilənir və Şuşanın quruculuq tarixi addım-addım bu hissədə öz əksini tapacaqdır.
"Xaribülbül” Musiqi Festivalı bölməsində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə keçirilən "Xarıbülbül” Musiqi Festivalından fotoşəkillər və festivalın video çəkilişi təqdim olunmuşdur.
Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycanın 1-ci Ombudsmanı Elmira Süleymanova, Xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Mehriban Zəki Vətən müharibəsindən Zəfər gününə gedən yola baxış edərək, keçilən yolun önəmindən danışdılar. Qonaqlar eyni zamanda Şuşanın Azərbaycan və dünya mədəniyyətində rolundan bəhs etdilər.
8 Noyabr - Zəfər gününə həsr edilən tədbir Xalq artisti Avaz Abdulla, əməkdar artist Murad Hüseynov, Əməkdar artist Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Pianoçu Səidə Tağızadənin, beynəlxalq müsabiqələr laureatı Azər Zadənin ifaları ilə yekunlaşıb.