"Ulu Öndər aramızda olmasa da, ruhən bizimlədir. Heydər Əliyevin bu gün ruhu şaddır. Çünki o, güclü və qüdrətli Azərbaycan görmək istəyirdi. Bu gün onun davamçıları həmin işi uğurla davam etdirir və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın qurucusudur:
"Heydər Əliyev müasir və müstəqil Azərbaycanın qurucusudur. Bu gün Azərbaycan uğurlarından və müstəqil dövlət kimi inkişafından danışa biliriksə, bunun birbaşa olaraq Ulu Öndərə borclu olduğumuzu qeyd etməliyik. 1990-cı illərin əvvəlləri çox çətin dövr idi və həmin illərdə Azərbaycan yenicə əldə etdiyi müstəqilliyini itirə bilərdi. Böyük güclərin məqsədi Azərbaycanı parçalamaq və hətta dövlət olaraq xəritədən silmək idi. Ulu Öndər Heydər Əliyev xalqın təkidi və istəyini qəbul edərək yenidən hakimiyyətə qayıtdı. O, ilk növbədə qardaş qırğınını dayandırdı və dövlət idarəçiliyində mühüm islahatlar apardı. Azərbaycan Konstitusiyası qəbul edildi, yeni parlament seçildi, "Əsrin müqaviləsi” imzalandı, iqtisadiyyatın yenidən qurulması üçün son dərəcə vacib layihələr həyata keçirildi. Dövlət idarəçiliyində xüsusi islahatlar aparıldı, yeni dövlət qurumları və nazirliklər yaradıldı, gənc kadrlar rəhbər vəzifələrə gətirildi. Bir sözlə, Azərbaycanın yenidən qurulması, müstəqil dövlətin inamlı addımlarla irəliləməsi üçün çox əhəmiyyətli işlər görüldü”.
Deputat qeyd edib ki, Heydər Əliyev sayəsində xarici siyasətimiz bərpa olundu:
"1990-cı illərin əvvəllərində AXC–Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində qonşularımızla yaranmış gərginliyin aradan qaldırılması istiqamətində Ulu Öndər səylərini artırdı. İlk növbədə qonşu dövlətlərlə xoş münasibətlər quruldu. Daha sonra Avropa ölkələri və ABŞ ilə münasibətlərimiz normallaşdı. Çinlə yeni bir əməkdaşlıq səhifəsi açıldı. Ölkə daxilində həyata keçirilən uğurlu fəaliyyətlərlə yanaşı xarici siyasətdə də çox vacib addımların atıldığının şahidi olduq. Məhz bunun nəticəsində Azərbaycan enerji resurslarını xarici bazarlara çıxarmağa nail oldu. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşası uğurla başa çatdırıldı. Azərbaycan nefti dünya bazarlarına çıxarıldı və neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatı formalaşdırıldı. Azərbaycan Ordusu yenidən quruldu və gücləndirildi. Təhsil sistemində yeniliklər həyata keçirildi”.
Parlamentari vurğulayıb ki, İlham Əliyev tərəfindən Ulu Öndərin bütün arzuları və vəsiyyəti həyata keçirildi:
"Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsinin həlli ilə bağlı ilk növbədə atəşkəsə nail olundu. Daha sonra beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması təmin olundu və ölkəmizin ərazi bütövlüyü dünya dövlətləri tərəfindən tanındı. Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyinə də dəstək artmağa başladı.
Təəssüf ki, həyat Ulu Öndərin bu arzu və məqsədlərini özünün tam şəkildə reallaşdırmasına imkan vermədi. Lakin cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin bütün arzuları və vəsiyyəti həyata keçirildi. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz işğaldan azad olunub, Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin iştirakı olmadan regionda demək olar ki, heç bir beynəlxalq layihə reallaşdırılmır. Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyev də həmişə yaşayacaq”.
Şahanə Ziyad










































