Heydər Əliyevin düşməndən geri aldığı kəndə İlham Əliyev QAYIDIŞ etdi

Heydər Əliyevin düşməndən geri aldığı kəndə İlham Əliyev QAYIDIŞ etdi
SİYASƏT
13:25 27.01.2017
5705

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilən Cocuq Mərcanlı kəndi ilə bağlı sərəncam verib.

 

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. "Azərbaycan" qəzeti mövzu ilə bağlı geniş yazı təqdim edib. Həmin yazını olduğu kimi təqdim edirik: 

"Böyük Qayıdış”a start verildi

Çox şükür, nəhayət, bu günü də gördük!
Jurnalist üçün düşməndən geri alınmış kəndə həmvətənlərinin geriyə qayıdışından yazmaqdan böyük peşə sevinci olarmı?
Təsəvvürə gətirmək mümkün deyil!
Axı bu günü nə qədər gözləmişik: həsrətlə, ağrı-acılarla, ümid və ümidsizliklə, hətta bəzən qəzəblə!
Amma həmişə inanmışıq ki, ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcək!
Bu gün də əminik ki, Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri Prezident İlham Əliyev uğurla davam etdirərək gözlənilən və istənilən nəticəyə nail olacaq!
Xalq heç zaman inamında və sevgisində səhv etmir!
Cənab İlham Əliyevin 24 yanvar 2017-ci ildə imzaladığı sərəncamda deyilir: "Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır”.
Bu məqsədlə dövlət başçısı Prezidentin Ehtiyat Fondundan ilkin olaraq dörd milyon manat ayırmış, zəruri tapşırıq və göstərişlərini vermişdir!
Bu həm də "Böyük Qayıdış”a start verilməsi deməkdir!
Gözün aydın, Vətən, ən böyük istəyin gerçəkləşir!
Gözün aydın, məcburi köçkün qardaşım və bacım, həsrətinə son qoyulmasına başlanır!
Gözün aydın, Azərbaycan, gücün və nüfuzun öz bəhrəsini verir!

Münaqişənin gedişində yeni mərhələ

Əslində bu "Qayıdış”ın başlanğıcı "Qurtuluş”da qoyulub!
Həm də gördük ki, həqiqi rəhbərindən ayrı düşən xalqın başına hansı müsibətlər gəlir (və ya gətirilir)!
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev uğursuzluqlar silsiləsinə son qoydu. Öz zəkası, nüfuzu, iradə və qətiyyəti ilə xalqı səfərbərliyə almağı, hadisələrin inkişafını düzgün məcraya yönəltməyi bacardı! 
Hətta müharibənin gedişində dəyişikliyə nail oldu. Onun rəhbərliyi ilə 1994-cü ilin yanvarında Füzuli rayonunda ilk uğurlu hərbi əməliyyat keçirildi. Nəticədə Horadiz qəsəbəsi və 22 kənd işğaldan azad edildi!
Bu dönüşü görən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu!
Azad olunan kəndlər sırasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də vardı!
Doğrudur, həmin dövrdə insanların kəndə qayıdışı, təhlükəsiz yaşayışının təmini mümkün deyildi. Strateji yüksəkliklər düşmən əlində qaldığından yaşayış məntəqəsi daim atəş altında idi. Ermənilər isə dinc sakinləri, xüsusən qadınları və uşaqları güllə hədəfi seçməkdən "zövq” aldıqlarından insanların təhlükəsiz yaşaması qeyri-mümkün idi. Yalnız bircə ailə bütün qorxu və təhlükələrə üstün gələrək Cocuq Mərcanlını tərk etmirdi.
Tezliklə onların qonşularının və həmkəndlilərinin sayı artacaqdır! 
Kəndin və kəndlilərin təhlükəsizliyini və normal yaşayışını isə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev etdi!
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin maraqlarını qətiyyət və prinsipiallıqla qoruyaraq dövlət başçısının diplomatiya və ordu quruculuğu, Azərbaycanın iqtisadi qüdrətinin və siyasi nüfuzunun durmadan yüksəldilməsi sahəsində gördüyü işlər uğurlu nəticələrini verir.
İlham Əliyev münaqişənin gedişində yeni mərhələnin başlanmasına - məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına nail oldu!

Düşmən qazdığı quyuya düşdü

Ötən ilin aprel ayının lap əvvəllərində Ermənistanın işğalçı ordusu növbəti dəfə atəşkəsi pozaraq Azərbaycan tərəfini təxribata çəkməyə, "öz gücünü” göstərməyə can atdı. Təmas xəttindəki və döyüş bölgəsinə yaxınlıqdakı kəndlər top, mina, tank və "qrad” atəşinə tutularaq mülki əhaliyə ciddi ziyan vuruldu. Nəticədə 100-dən çox ev tamamilə dağıdıldı, 500-dən artıq evə isə ziyan dəydi. 
Düşmən qazdığı quyuya düşdü.
Azərbaycan Ordusu əks-həmlə ilə Ermənistan ordusuna elə bir toy tutdu ki, səsi indi də qulaqlarından çəkilməyib. Serj Sarkisyanın lovğalıqla təriflədiyi "dağılmaz istehkamlar” və "alınmaz səngərlər” qısa müddətdə darmadağın edildi! 
"Güclü erməni ordusu”nun mifdən başqa bir şey olmadığı, Azərbaycan əsgəri qarşısında bir saat belə duruş gətirə bilmədiyi əyani şəkildə göründü! 
Nəinki işğal edilmiş yeddi rayondan və Dağlıq Qarabağdan, hətta Ermənistandan da köç başladı: işğal ərazilərində yaşayanlar qorxularından, Ermənistandakılar isə övladlarını orduda xidmətdən yayındırmaq üçün qaçırdılar!
Gedənlər heç də geri dönmək niyyətində deyillər. Çünki yaxşı bilirlər ki, indi yaşadıqları torpaqların sahibi var və əsl sahiblər qayıdacaqlar!
Və artıq qayıdırlar!
Prezident İlham Əliyevin 24 yanvar tarixli sərəncamı isə həmin qayıdışın başlanğıcı, ilkidir!

Biz öz torpaqlarımıza qayıdırıq 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının ötən əsrin doxsanıncı illərinin əvvəllərində qəbul etdiyi dörd məlum qətnamə əsasında həll edilməlidir!
Lakin dünyanın ən nüfuzlu qurumu nə həmin qətnamələri yerinə yetirib, nə də öz nüfuzunun qayğısına qalıb!
Dağlıq Qarabağ problemi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nizamlanmalıdır!
Həmsədr dövlətlər (ABŞ, Rusiya və Fransa) nəinki münaqişəni çözüblər, əksinə, hərəsi bir formada işğalçı Ermənistana yardım göstərib və yenə də dəstəkləməkdədir! 
Azərbaycan isə münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının yuxarıda xatırladılan qətnamələri, habelə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır.
Münaqişəni dövlətin bir nömrəli problemi elan edən cənab İlham Əliyev onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və dayanmadan siyasi, iqtisadi, diplomatiya sayəsində prinsipial və qətiyyətli fəaliyyət göstərir. Eyni zamanda ordu quruculuğu məsələlərinə xüsusi diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu qısa müddətdə dünyanın ən güclü orduları səviyyəsinə yüksəlmişdir!
Dördgünlük aprel döyüşləri zamanı bunu təkcə düşmən tərəfi deyil, bütün dünya gördü və bildi!
O cümlədən Ermənistanın havadarları da aprel zəfərinin şahidi oldular!
İşğaldan yenicə azad edilmiş Lələtəpə yüksəkliyinə gedən Ali Baş Komandan cənab İlham Əliyev oradan bütün dünyaya öz mesajını verdi: "Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”.
Sözünün sahibi olan Ali Baş Komandan artıq dediklərini həyata keçirir.
Biz öz torpaqlarımıza qayıdırıq!

Qayıdışın mübarək, Azərbaycan!

Qayıdış Azərbaycan xalqına sevinc və fərəh, Ermənistanın kriminal rəhbərliyinə isə fəlakət bəxş edəcəkdir!
Artıq ağıllanmağa başlayan erməni xalqı bu müharibənin onlara yalnız ölüm, fəlakət, yoxsulluq və köləlik gətirdiyini anlayır!
Nə müstəqil Ermənistan var, nə ölkəyə uzun illər fayda gətirən transmilli layihələr, nə də millətin xoş gələcəyi...
Artıq "Qarabağ kartı” ilə Ermənistan rəhbərliyinə gələn "Qarabağ klanı”nın iç üzü hamıya bəllidir. Bunu ötən ilin noyabrında Bakıya gələn, Xocalı soyqırımı abidəsini ziyarət edərək Azərbaycan xalqından üzr istəyən erməni ictimai-siyasi xadimləri - Vaha Avetyan, Vaan Martirosyan, Suzanna Caqinyan və digərləri də etiraf etdilər!
Bəli, İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət Ermənistanı da, onun ağılsız rəhbərliyini də rəzil duruma salıb! Doğrudur, hələ ki erməni xalqı kriminal rəhbərliyi hakimiyyət kürsüsündən süpürüb ata bilməyib! Serj Sarkisyanın bütün yalan vədləri isə puça çıxıb, özü nüfuzdan düşüb!
İndi Ermənistan və onun marionet rəhbərliyi məhvolma ilə sülh arasındadır!
Azərbaycan Prezidentinin başladığı "Böyük Qayıdış”ın başlanğıcı isə bu prosesi daha da sürətləndirəcəkdir!

Bəli, məcburi köçkünlərin ən böyük arzusu reallığa çevrilir!
Bu, bütövlükdə Azərbaycan xalqının arzusudur!
Bu, müstəqil Azərbaycanın tarixi nailiyyətidir!
Bu, rəhbəri və sərkərdəsi cənab İlham Əliyev olan Azərbaycanın siyasi, iqtisadi, ordu quruculuğu və diplomatiya sahəsindəki uğurlarının məntiqi yekunudur!
Qayıdışın mübarək, Azərbaycan!

 

OXŞAR XƏBƏRLƏR