Həyətdəki ağacı kəsməyin cəriməsi var?

Həyətdəki ağacı kəsməyin cəriməsi var?
SOSİAL
22:27 29.06.2026
767
Həyətdəki ağacın kəsilməsi bəzən sadə məişət işi kimi görünsə də, bu hərəkət hüquqi məsuliyyət yarada bilər. Mövcud qanunvericiliyə görə, yaşıllıqların mühafizəsi xüsusi qaydalarla tənzimlənir və icazəsiz kəsilmə halları inzibati məsuliyyətə səbəb olur. Bu isə məsələnin təkcə şəxsi mülkiyyət deyil, həm də ekoloji və hüquqi aspekt daşıdığını göstərir.

Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Nazirlər Kabinetinin müvafiq qaydaları da var:

"Yerli icra hakimiyyəti bütün yaşıllıqların uçotunu aparmalıdır, o cümlədən şəxsi həyətlərdə olan ağaclar və digər yaşıllıqlar da daxil olmaqla. Yəni həmin ərazilərdə hansı yaşıllığın olduğu qeydə alınmalıdır ki, sonradan orada nəyin olub-olmadığı məlum olsun. Amma real vəziyyətdə belə bir uçotun aparılmadığını da görürük. Yəni kimsə öz həyətində ağac kəsəndə bu çox vaxt ümumiyyətlə qeydə alınmır. Nəticədə də sübut məsələsi ortaya çıxır. Həmin yerdə əvvəllər ağac olub-olmamasını və onun kim tərəfindən kəsildiyini sübut etmək çətin olur. Bu da əslində ciddi bir boşluq yaradır".

Vəkil bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən, ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, götürülməsi, zədələnməsi və ya məhv edilməsi inzibati məsuliyyət yaradır:

"Burada iki əsas hal fərqləndirilir. Meşə fonduna aid olan ərazilərdə yaşıllıqların qanunsuz məhv edilməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 4500 manatdan 5000 manatadək cərimə edilir. Meşə fonduna daxil olmayan yaşıllıqlar üzrə isə cərimələr daha sərtdir. Fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər isə 25000 manat məbləğində cərimə edilir.

Qanunsuz kəsilmə anlayışı isə "Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10 və 13-cü maddələrində açıqlanır. Orada yaşıllıqların götürülməsinə yalnız müəyyən hallarda, məsələn dövlət ehtiyacları üçün, müvafiq icazə əsasında və ya şəhərsalma və tikinti qaydalarına uyğun şəkildə yol verildiyi qeyd olunur. Digər hallarda isə bu proses qanunsuz hesab edilir",- deyə o qeyd edib. 
OXŞAR XƏBƏRLƏR