Adam var ki, ancaq sabahı üçün yaşayır. Onun üçün "dünən" maraqlı deyil. Heç ötənləri, keçənləri, bu dünyadan köçənləri yada salmaq belə istəmir. Nəyinə lazımdır e, özünü əziyyətə versin?! Farslar demiş "şod tamam". Amma bu gün dünəndən, sabah da bu gündən başlayır axı. Yəni, məsələ zəncirvaridir...
Bu mənada dünəni xatırlayanda məktəb illərinin xoş xatirələri gözlərim önündə canlanır. Unudulmaz illər idi. O mənada unudulmaz ki, istər ibtidai sinifdə, istər ondan sonrakı illərdə sinif rəhbərlərimiz ağırtaxtalı xanımlar olub. Təsəvvür edin, sinifdə bir qız olmazdı ki, başının ağ bantı, əynində qırçınlı donu olmasın. Oğlanlar da ağ köynəkdə, qara şalvarda.
Günlərin birində xəbər gəldi ki, bəs bizim sinif yeni şagird qəbul edəcək. Özü də qonşu sinifdən. Aradan bir neçə ay keçdi. Təzə şagirdə heç uyuşa bilmədik. O da bizlərə qaynayıb-qarışmadı. Amma bir dərs günündə idman zalında cığallıq edib, şuluq salıb, aranı yaxşıca qarışdırdı.
Adamın üstündə Allahı var. İçi mən qarışıq bütün sinif oğlanları sakitliyi ilə seçilirdi. Uşaqlarımızın əksəriyyəti də peşəkar idmanla məşğul olurdular. Hər dəfə cırtqozluq edən bu təzə şagird idman zalında heç bir səbəb olmadan müəllimə qarşı sərt davrandı, üstəlik də gül ağzını açdı. Bu cür davranışlar bizə yad idi. Və çoxumuz sarsılmışdıq. Nədənsə biixtiyar şəkildə bunun gül ağzının üstündən Həzrət Abbas şapalağı çəkdim. Bir dənə də bonus olaraq yağlı təpik. Sinif yoldaşlarım və müəllim təzə şagirdin hərəkətindən daha çox mənim addımımı heyrət içində izləmişdilər. "Bəli-xeyr", "baş üstə" ilə danışan, söhbət edəndə qızaran mən bu vəziyyəti görməzdən gələ bilməzdim. Seyran Səxavətin "Qaçaqaç"ındakı kimi gördüyümün qabağından qaça bilməzdim. Təzəgələn atdığı addıma pərt olanda sinif yoldaşlarımdan birinin onunla dialoqunu xatırlayıram. Təxmini Seyran müəllimin yuxarıda adını çəkdiyim romanındakı hissəylə eyni idi:
– Xeyir ola? Sənin bu dünyada nə itin azıb, əəə?!
– Vallah özüm gəlməmişəm... Göndəriblər...
– Kim göndərib əəə səni?
– Bilmirəm...
– Əgər bilmirsənsə səni kim göndərib, bəs onda nə bilirsən ki, səni göndəriblər?
– Bilmirəm...
– Onda rədd ol burdan!
– Niyə rədd oluram, yerini dar eliyirəm bu boyda dünyada?
Dialoqda "dünya" sözünü "sinif"lə əvəz etsək, qalanı xatirədir... Elə sanki olduğu kimidir.
Amma biz yaxşı bilirdik ki, təzəgələni hansı müəllim göndərib. Əslində niyyəti də pis deyildi. Özü də həmin o ipə-sapa yatmayan şagirdin qonşusu idi. Düşünmüşdü ki, bizim sinif, doğrusu burada olan abır-həya, nizam-intizam, qayda-qanun onu tərbiyələndirər. Amma çi fayda...
Aqil Abbasın "Ə, adam nə qədər döyülüb üstümə gələr?!" başlıqlı yazısında atanın oğluna verdiyi nəsihət yer alır:
— Ay bala, dalaşma. Atana söydülər, mənə söyürlər də. Anana söydülər, mənim arvadıma söyürlər də. Bir yumruq vurdular, mənim xətrimə cavab vermə. İkincini vurdular, bu dəfə də ananın xətrinə keç. Üçüncü yumruq vurdular, kişi deyilsən, nə durub baxırsan, ayaqların yoxdu, qaç də.
Elə təzəgələn Həzrət Abbas şapalağından sonra qaçdı. O, xasiyyətin dəyişə bilmədi, ancaq yenidən sinfin dəyişdi. Qayıtdı köhnə sinif yoldaşlarının yanına. Necə deyərlər, köhnə hamamın köhnə tası olar. Ona təzə nırx qoymaq da faydasız...
Əsgər İsmayılov