Hindistan səfiri Şəhidlər xiyabanına getmədi - Rəsmi Bakıya siyasi mesaj, yoxsa...?

Hindistan səfiri Şəhidlər xiyabanına getmədi - Rəsmi Bakıya siyasi mesaj, yoxsa...?
SİYASƏT
16:57 19.01.2026
1334
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə iştirak edən səfirlər arasında Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhana yer almayıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Hindistanın Cənubi Qafqaza münasibətində Ermənistan və İran amilləri ön plandadır:

"Hindistanın Cənubi Qafqaza yanaşmasında Ermənistan və İran faktoru xüsusi yer tutur. Bu isə Hindistanın Azərbaycana münasibətində yeni mənfi çalarlar yaradır. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdik. Sonrakı dövrdə Ermənistanın Hindistan silahları ilə təchiz olunduğunu gördük. Eyni zamanda, son günlər Hindistandan Ermənistana yeni hücum tipli raketlərin göndərilməsi də bunu bir daha təsdiqləyir. Lakin məsələ bununla bitmir. Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə bağlı prosesdə də ölkəmiz əleyhinə mövqe nümayiş etdirmişdi. Sonradan mövqeyini dəyişsə də, məsələnin mahiyyəti dəyişmədi. Yəni Hindistan Azərbaycanla münasibətlərinə İran və Ermənistan prizmasından yanaşdığı üçün bu cür addımlar atır. Hindistanın Azərbaycandakı səfirinin Şəhidlər xiyabanını ziyarət etməməsi də məhz bununla əlaqədardır”.

Deputat qeyd edib ki, Hindistan səfirinin bu mərasimdə iştirak edib-etməməsi Azərbaycan üçün həlledici əhəmiyyət daşımır:

"Məsələnin digər tərəfi Pakistan–Azərbaycan münasibətləri kontekstində Hindistan–Azərbaycan əlaqələrinin qiymətləndirilməsidir. Azərbaycan hər zaman beynəlxalq hüquqa əsaslanaraq Kəşmir və Cammu məsələlərinin həlli ilə bağlı BMT-nin qətnamələrini qanuni və beynəlxalq sənədlər kimi qəbul edib. Bu isə Hindistanın arzuladığı ssenari deyil və Hindistanın icra etmədiyi BMT qətnamələridir. Məhz bu səbəbdən Hindistanın yanlış mövqeyi onun Azərbaycana münasibətdə xoş olmayan davranışına gətirib çıxarır.

Əslində, haqlı tərəf Azərbaycandır. Azərbaycan daim beynəlxalq hüquqa istinad edib və xarici siyasətinin əsas strateji xəttini haqq və ədalət üzərində qurub. Buna görə də Hindistan səfirinin bu mərasimdə iştirak edib-etməməsi bizim üçün o qədər də əhəmiyyətli deyil. Bizim üçün əsas olan beynəlxalq hüquq, haqq və ədalətdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR