Hindistanın Müdafiə Nazirliyi Çini Ladax bölgəsində ikitərəfli razılaşmaları pozaraq iki ölkə arasındakı əlaqələrin pozulmasında ittiham edib.
AZXEBER.COM xəbər verir ki, nazirliyin açıqlamasına görə, müdafiə naziri Rajnath Sinq çinli həmkarı Li Şanqfu ilə "Hindistan-Çin sərhəd bölgələrindəki inkişaflar və ikitərəfli əlaqələr" mövzusunda görüşüb.
Sinq çinli həmkarına "Hindistan və Çin arasında münasibətlərin tərəqqisinin sərhədlərdə hökm sürən sülh və əmin-amanlığa əsaslandığını" deyib və qeyd edib ki, bütün sərhəd məsələləri mövcud razılaşmalar və öhdəliklər çərçivəsində həll edilməlidir.
Sinq bəyan edib ki, sərhəd pozuntuları ikitərəfli münasibətlərin əsaslarını aşındırıb.
Qeyd edək ki, Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.
Sərhəddəki gərginliyi azaltmaq üçün iki ölkənin hərbi nümayəndə heyətləri arasında danışıqlara başlanılıb. Danışıqlardan sonra sərhəd bölgəsindəki qoşunların koordinasiyalı və planlı şəkildə çıxarılması qərara alınıb.
Ayşən