“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert

“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
İQTİSADİYYAT
13:35 10.03.2026
220
Dünya və Azərbaycan neftinin qiyməti sürətlə artır. Regionda gərginliyin artması, xüsusilə də Hörmüz boğazı ətrafında baş verən hadisələr bazara ciddi təsir göstərir. İranın boğazdan keçən tankerlərə hücumlarından sonra dünya bazarında neftin qiyməti 40 dollardan çox bahalaşıb. Bəs müharibənin gedişində hansı hadisələr qiymətlərin daha da artmasına səbəb ola bilər? Məsələn, mümkün quru əməliyyatlarının başlaması neft bazarında yeni bahalaşma dalğası yarada bilərmi?

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında bildirib ki, neftin qiymətləri müharibənin miqyası və coğrafiyasından asılı olacaq.

"Neftin dünya bazarındakı qiymətinin dəyişməsi birbaşa müharibənin nə qədər davam edəcəyindən və coğrafiyasından asılıdır. Müharibə uzanarsa və prosesə daha çox ölkə cəlb olunarsa, bu, dünya bazarında neftin qiymətində yeni artımlarla müşayiət oluna bilər. Məsələ yalnız enerji məhsullarının daşınması ilə bağlı infrastruktur və texniki çətinliklərlə məhdudlaşmır. Eyni zamanda, neft hasilatının azalması faktoru da mühüm rol oynayır. Artıq praktiki olaraq Körfəz ölkələrində neft hasilatının müəyyən qədər azalmasını müşahidə edirik. Bu halda dünya bazarında neftin qiymətində yeni artımlar istisna deyil”.

Deputat qeyd edib ki, müharibənin uzanması 2015-ci ildən əvvəlki yüksək neft qiymətlərinin yenidən təkrarlanmasına səbəb ola bilər.

"Əgər müharibə qısa müddətdə başa çatarsa və Körfəzdə, o cümlədən Hörmüz boğazında yüklərin daşınması ilə bağlı texniki çətinliklər aradan qalxarsa, o zaman dünya bazarında neftin qiymətinin sabitləşməsi mümkündür. Lakin müharibənin coğrafiyası genişlənərsə, Hörmüz boğazı daha uzun müddət bağlı qalarsa və ya Körfəz ölkələrində hasilat azalarsa, bu halda dünya bazarında neftin qiymətində daha ciddi artımlar baş verə bilər. Hətta bu, 2015-ci ildən əvvəlki yüksək qiymətlərin yenidən təkrarlanmasına səbəb ola bilər. Yaxın günlərdə hansı ssenarinin reallaşacağı bəlli olacaq. Hələlik isə neft bazarına təzyiq kifayət qədər yüksək olaraq qalır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR